“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Çempionlar Liqasının birinci təsnifat mərhələsinin Uels təmsilçisi TNS-ə qarşı cavab oyunu ilə bağlı gözləntilərini bölüşüb.
İdman.Biz-in məlumatına görə, məşqçi ilk oyunda 2:0 hesablı qələbənin diqqətin itirilməsinə səbəb olmamalı olduğunu vurğulayıb.
“Biz matçı böyük həyəcanla gözləyirik. İlk oyunda olduğu kimi, maksimum diqqətlə oynamalıyıq. Hamı bilir ki, komandalar adətən evdə yaxşı çıxış edirlər, ona görə də rahatlaya bilmərik”, - Dambrauskas oyunöncəsi mətbuat konfransında deyib.
Litvalı məşqçinin sözlərinə görə, bakılılar daha bir müsbət nəticə əldə etmək əzmindədirlər.
“Əksinə, mümkün olan hər şeyi etməli və meydandan qələbə ilə ayrılmağa çalışmalıyıq. Ən yaxşı oyunumuzu göstərməliyik”, - məşqçi əlavə edib.
Dambrauskas həmçinin komandada heyətin vəziyyətini də açıqlayıb. Onun sözlərinə görə, “Sabah” Uelsə zədəli oyunçular olmadan gedib.
“Komandanın səfərə heç bir zədə problemi olmadan çıxmasına şadam. Əhval-ruhiyyə yaxşıdır, hamı özünü yaxşı hiss edir. Yalnız Stiv Solvay yoxdur”, - məşqçi qeyd edib.
Bakıda keçirilən ilk matçda “Sabah” TNS-i 2:0 hesabı ilə məğlub edib.
Cavab görüşü iyulun 14-də “Park Hall” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
