Nəriman Axundzadənin komandası “Börnli” heç-heçə etdi - YENİLƏNİB + VİDEO

13 İyul 2026 09:58
902
Nəriman Axundzadənin komandası “Börnli” heç-heçə etdi - YENİLƏNİB + VİDEO

ABŞ-nin MLS-də çıxış edən futbol klubu “Kolambus Kryu” İngiltərə Çempionşip klubu “Börnli” ilə keçirdiyi yoxlama oyununda heç-heçə edib.

İdman.Biz xəbər verir ki, qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.

Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə matça start heyətində başlayıb. Lakin futbolçumuz oyun ərzində fərqlənə bilməyib.

Qeyd edək ki, oyunda hesab 48-ci dəqiqədə açılıb. Daniel Qazdag Hüqo Pikardın məhsuldar ötürməsindən sonra fərqlənərək meydan sahiblərini önə keçirib. Qonaqlar isə 87-ci dəqiqədə tarazlığı bərpa ediblər. Oluvaşeun Adevumi “Kolambus Kryu”nun müdafiəçilərinin səhvindən yararlanaraq uzaq dirək önündə topu qapıdan keçirib və matçın yekun hesabını müəyyənləşdirib - 1:1.

Qarşılaşma hər iki komanda üçün yeni mövsüm öncəsi hazırlıq çərçivəsində baş tutub.

01:30

ABŞ MLS təmsilçisi “Kolambus Kryu”nun hücumçusu Nəriman Axundzadə İngiltərə Çempionşipində mübarizə aparan “Börnli” ilə keçiriləcək yoldaşlıq oyununda start heyətində yer alıb.

İdman.Biz xəbər verir ki, Azərbaycan millisinin üzvü qarşılaşmaya ilk dəqiqələrdən başlayacaq.

Görüş ABŞ-nin Ohayo ştatının Kolambus şəhərində yerləşən “Skotts Mirakl-Qro Fild” stadionunda keçiriləcək.

Qeyd edək ki, “Börnli” ABŞ-dəki mövsümöncəsi hazırlıq proqramı çərçivəsində daha əvvəl “Sinsinnati” ilə qarşılaşıb və 1:3 hesabı ilə məğlub olub.

İdman.Biz