İngiltərənin “Liverpul” komandası yay transfer pəncərəsində bir neçə futbolçunu heyətinə qatmaq üçün çalışmalarını davam etdirir.
İdman.Biz xəbər verir ki, Meksika millisinin 17 yaşlı yarımmüdafiəçisi Hilberto Mora mersisaydlıların əsas hədəflərindən biridir.
Gənc futbolçu dünya çempionatında komandasının beş oyunundan dördündə meydana çıxıb. Lakin onun yaşı transferi çətinləşdirir. Belə ki, Mora yalnız 18 yaşını tamamladıqdan sonra Avropa klubuna keçə bilər.
Bundan əlavə, futbolçu bu yaxınlarda “Tixuana” ilə müqaviləsini 2029-cu ilin yayına qədər uzadıb. Bu da mümkün transferi daha da mürəkkəbləşdirir.
Mora ilə təkcə “Liverpul” deyil, “Real Madrid”, “Barselona”, “Mançester Siti”, “Çelsi”, PSJ və “Bavariya” da maraqlanır.
Mersisaydlıların digər hədəfi isə İtaliya A Seriyası təmsilçisi “Roma”da çıxış edən Fransa millisinin yarımmüdafiəçisi Manu Konedir. Daha əvvəl “Liverpul”un maraq dairəsində olan futbolçu son vaxtlar “Mançester Yunayted”in də əsas transfer namizədlərindən sayılır. Buna baxmayaraq, İngiltərə klubu onun transferi uğrunda mübarizəyə yenidən qoşulmağa hazırlaşır.
“Liverpul”un diqqət mərkəzində olan digər futbolçu isə Misir millisinin və İspaniya təmsilçisi “Real Ovyedo”nun cinah oyunçusu Hayssam Həsəndir. 24 yaşlı futbolçu ilə bağlı danışıqların aparıldığı bildirilir.
Həsənin müqaviləsində 12 milyon avro (24 milyon AZN) məbləğində sərbəstqalma bəndi yer alıb. Lakin “Liverpul”un bu məbləğdən aşağı təkliflə transferi reallaşdırmağa çalışdığı vurğulanır. Daha əvvəl “Seltik”in etdiyi aşağı məbləğli təklifin rədd edildiyi də qeyd olunub.
