“Portu”nun qapıçısı Dioqu Koşta İngiltərə Premyer Liqası təmsilçisi “Çelsi”nin əsas transfer hədəfinə çevrilib.
İdman.Biz xəbər verir ki, bu barədə türkiyəli jurnalist Əkrəm Konur məlumat verib.
Mənbənin sözlərinə görə, London klubu 26 yaşlı Portuqaliya millisinin qapıçısının müqaviləsində nəzərdə tutulan 60 milyon avroluq (təxminən 116,7 milyon AZN) sərbəstqalma məbləğini ödəməyə hazırdır. “Çelsi” hələ rəsmi təklif göndərməsə də, transferi rəsmiləşdirmək üçün konkret addımlar atmağa hazırlaşır.
“Portu” futbolçunu itirmək istəmir və onu layihəsinin əsas simalarından biri hesab edir. Buna görə Portuqaliya klubu mümkün danışıqlarda birbaşa qapıçının sərbəstqalma məbləğinə istinad edir.
Məlumata görə, “Çelsi” Dioqu Koşta uğrunda mübarizədə qapıçı ilə maraqlanan PSJ-ni qabaqlayıb. London təmsilçisi yeni mövsüm ərəfəsində qapıçı mövqeyinin gücləndirilməsini prioritet hesab edir.
Koşta “Portu” akademiyasının yetirməsidir və 2019-cu ildən əsas komandada çıxış edir. O, 2025/2026 mövsümündə bütün turnirlərdə 49 oyuna çıxıb, 25 qol buraxıb və 24 görüşdə qapısını toxunulmaz saxlayıb.
Dioqu Koştanın “Portu” ilə müqaviləsi 30 iyun 2030-cu ilədək qüvvədədir. 26 yaşlı qapıçı Portuqaliya millisinin də əsas üzvlərindən biridir.
