Fransa millisinin İspaniya ilə keçirəcəyi dünya çempionatının yarımfinal oyunu günü ölkədə gücləndirilmiş təhlükəsizlik tədbirləri görüləcək.
İdman.Biz xəbər verir ki, Fransanın daxili işlər naziri Loran Nunes iyulun 14-də ölkə ərazisində 70 min polis və jandarmın asayişə nəzarət edəcəyini bildirib.
Nazirin sözlərinə görə, genişmiqyaslı təhlükəsizlik tədbirləri həm Bastiliyanın alınması günü münasibətilə keçiriləcək milli bayram tədbirləri, həm də Fransa-İspaniya qarşılaşması ilə əlaqədardır.
“Çərşənbə axşamı 14 İyul milli bayramının qeyd olunması və axşam keçiriləcək Fransa-İspaniya yarımfinal oyunu ilə əlaqədar 70 min polis və jandarmın daxil olduğu genişmiqyaslı təhlükəsizlik tədbirləri həyata keçiriləcək”, - deyə Loran Nunes BFMTV telekanalına açıqlamasında bildirib.
Daxili işlər naziri təhlükəsizlik tədbirlərinin bütün günü və axşam saatlarında qüvvədə olacağını vurğulayıb. O, təkcə Parisdə 5 min polis və jandarmın xidmət aparacağını açıqlayıb. Hüquq-mühafizə əməkdaşları səhər saatlarından etibarən Yelisey meydanlarında keçiriləcək ənənəvi hərbi paradın və digər tədbirlərin təhlükəsizliyini təmin edəcəklər.
Fransa-İspaniya matçı iyulun 14-də ABŞ-nin Texas ştatının Arlinqton şəhərində yerləşən “AT&T Stadium”da keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Fransa millisi 1/4 finalda Mərakeşə 2:0, İspaniya isə Belçikaya 2:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalın qalibi dünya çempionatının həlledici görüşündə İngiltərə-Argentina cütünün qalibi ilə qarşılaşacaq.
