Sisinin Misir millisi ilə görüşü müzakirələrə səbəb oldu - VİDEO

12 İyul 2026 18:20
99
Sisinin Misir millisi ilə görüşü müzakirələrə səbəb oldu - VİDEO

Misir Prezidenti Əbdülfəttah əs-Sisinin futbol üzrə milli komandanın üzvlərini qəbul etməsi zamanı çəkilən görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

İdman.Biz xəbər verir ki, dövlət başçısı DÇ-2026-nın 1/8 finalında Argentinaya 2:3 hesabı ilə məğlub olaraq turnirlə vidalaşan yığmanın futbolçuları, məşqçiləri və inzibati heyəti ilə Əl-Alameyn şəhərində görüşüb.

Mərasim zamanı protookol qaydalarına uyğun olaraq Sisinin xüsusi xalçanın üzərində dayanması, nümayəndə heyətinin üzvləri üçün isə prezidentə yaxınlaşarkən dayanıb əl uzatması üçün sarı işarənin qoyulması diqqət çəkib.

Görüntülərdə futbolçuların dövlət başçısı ilə əl sıxmaq üçün irəli əyildikləri görünür. Amma bəzi futbolçuların sarı işarəyə baxmayaraq, prezidentin durduğu xalçanın üzərinə kimi çıxdığı da müşahidə olunur. Sosial şəbəkələrdə bəzi istifadəçilər mərasimi tənqid edərək “Sisi özünü firon hesab edir” və “kral kimi davranır” məzmunlu şərhlər yazıblar.

Rəsmi mərasimdə Sisi Misir millisinin üzvlərinə dünya çempionatında göstərdikləri əzm, nizam-intizam və mübarizə ruhuna görə “Ləyaqət kuboku” və müxtəlif fəxri nişanlar təqdim edib. Prezident komandanın nəticələrinin yalnız idman baxımından deyil, ölkə gənclərinə verdiyi nümunə baxımından da əhəmiyyətli olduğunu bildirib.

Misir millisi DÇ-2026-da tarixinin ən uğurlu nəticəsinə imza atıb. Komanda ilk dəfə qrup mərhələsini keçib, 1/16 finalda Avstraliyanı penaltilər seriyasında mübarizədən kənarlaşdırıb. Hüseyn Həsənin rəhbərlik etdiyi yığma növbəti mərhələdə Argentina qarşısında 2:0 hesabı ilə önə keçsə də, son dəqiqələrdə üç qol buraxaraq 2:3 hesabı ilə məğlub olub.

İdman.Biz