Norveç futbol millisinin hücumçusu Erlinq Holandın atası Alfi Holand DÇ-2026-nın dörddəbir finalında İngiltərəyə qarşı keçirilən matçın hakimliyi barədə sərt fikirlər səsləndirib.
İdman.Biz xəbər verir ki, Stole Solbakkenin komandası İngiltərəyə əlavə vaxtda 1:2 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni dayandırıb.
İlk hissədən sonra britaniyalı jurnalist Henri Vinter qarşılaşmanın birinci yarısının sonlarında hesabı bərabərləşdirən Cud Bellinqemin çıxışını yüksək qiymətləndirib.
“Edeqor oyunu idarə etməyə başladı. Norveçli azarkeşlər “İngiltərə evə gedir” mahnısını oxuyurdular. Bellinqem bunun baş verməyəcəyinə qərar verdi. O, təşəbbüsü və məsuliyyəti üzərinə götürdü, qol fürsəti yaratdı və ondan istifadə etdi. İngiltərə millisinin oyunlarını işıqlandırdığım son 35 ildə gördüyüm ən yaxşı oyunçudur”, - Vinter “X” sosial şəbəkəsində yazıb.
Bir neçə saat sonra Alfi Holand jurnalistin paylaşımına cavab verərək matçın nəticəsinin ədalətsiz olduğunu bildirib.
“Doğrudan? Sizi hakim xilas etdi. Ümid edirəm ki, indi dünya çempionatının qalibi olarsınız. Amma mənə elə gəlir ki, bu gün haqqımızı yedilər”, - hücumçunun atası yazıb.
Norveç 36-cı dəqiqədə Andreas Şelderupun qolu ilə hesabı açıb. Bellinqem 45+2-ci dəqiqədə fərqlənərək tarazlığı bərpa edib. O, əlavə vaxtda ikinci qolunu vuraraq İngiltərəyə qələbə qazandırıb.
İngiltərə millisi yarımfinalda son dünya çempionu Argentina ilə qarşılaşacaq.
