İngiltərə futbol millisinin baş məşqçisi Tomas Tuxel DÇ-2026-nın 1/4 finalında Norveçə qarşı keçirdikləri oyundan narazı qalıb.
İdman.Biz xəbər verir ki, ingiltərəlilər əlavə vaxtda 2:1 hesablı əzmkar qələbə qazanaraq yarımfinala yüksəliblər.
“Bu gün özümüz üçün böyük problemlər yaratdıq. Nəticə möhtəşəmdir, güclü dördlüyə yüksəlmişik. Amma oyunumuzun demək olar ki, heç bir cəhətindən razı deyiləm. Həddindən artıq diqqətsizlik və texniki səhvlər oldu. Sürət və sabitlik çatışmırdı. Bu gün bəxt bizim tərəfimizdə idi”, - deyə Tuxel açıqlamasında bildirib.
Almaniyalı mütəxəssis futbolçularının yüksək əzmkarlıq və xarakter nümayiş etdirdiklərini vurğulasa da, oyunun keyfiyyətinin xeyli yaxşılaşdırılmalı olduğunu qeyd edib.
Tuxel Ris Ceyms, Morqan Rocers, Ebereçi Eze və Ced Spensin çıxışını xüsusi olaraq fərqləndirib. Baş məşqçi dubl edən Cud Bellinqemin oyununu da yüksək qiymətləndirib:
“Bellinqem haqqında artıq deyiləsi söz qalmayıb. O, bunu demək olar ki, hər oyunda edir. Dünya səviyyəli futbolçudur. Yarımfinala qədər oyunumuzu mütləq yaxşılaşdırmalıyıq”.
Norveç millisi 36-cı dəqiqədə Andreas Şelderupun qolu ilə hesabı açıb. Cud Bellinqem fasiləyədək bərabərliyi təmin edib, 93-cü dəqiqədə isə qələbə qolunu vurub.
