İngiltərə futbol millisinin yarımmüdafiəçisi Cud Bellinqemin DÇ-2026-nın dörddəbir finalında Norveçə vurduğu ilk qol ətrafında mübahisələr davam edir.
İdman.Biz xəbər verir ki, mübahisəni “Fox Sports”un yayımladığı təkrar görüntülər daha da alovlandırıb. Belə ki, İngiltərənin bərabərlik qolundan əvvəl topun stadionun hava kamerasını saxlayan kabelə toxunaraq istiqaməti dəyişməsi görünür.
Qeyd edək ki, mübahisəli epizod ilk hissəyə əlavə olunan vaxtda yaşanıb. Norveç millisinin qapıçısı Örjan Nilandın qapı zərbəsindən sonra top havada qəfil istiqamətini dəyişərək aşağı düşüb və İngiltərə futbolçularının nəzarətinə keçib. Tomas Tuxelin komandası daha iki ötürmədən sonra hücumu davam etdirib, Bellinqem isə 45+2-ci dəqiqədə hesabı bərabərləşdirib - 1:1.
ABŞ-də yayıma qatılan sabiq hakim Mark Klattenburq həmin epizodun qolun yaranmasına səbəb olan hücumun bir hissəsi olduğu üçün VAR tərəfindən yoxlanıla biləcəyini bildirib. Onun fikrincə, mümkün təmas videoassistent tərəfindən müəyyənləşdirilməli idi.
FIFA isə İngiltərənin qolunun düzgün qeydə alındığını açıqlayıb. Qurumun məlumatına görə, topun daxilində yerləşdirilən sensorun göstəricilərində havada olduğu müddətdə hər hansı təması göstərən sıçrayış qeydə alınmayıb. Bu səbəbdən topun kamera kabelinə toxunduğuna dair sübutun olmadığı bildirilib.
Norveç millisinin baş məşqçisi Stole Solbakken FIFA-nın açıqlamasına baxmayaraq, topun istiqamətinin qeyri-təbii şəkildə dəyişdiyini vurğulayıb. Mütəxəssis fasilə zamanı qarşılaşmanın baş hakimi Kleman Türpenə etiraz edib. Hakim epizodu görmədiyini və VAR-dan təmasla bağlı məlumat almadığını söyləyib.
Futbol qaydalarına əsasən, top kənar obyektə toxunaraq oyunun gedişinə təsir edərsə, qarşılaşma dayandırılmalı və mübahisəli top ilə davam etdirilməlidir. Buna görə kabelə təmas təsdiqlənsəydi, İngiltərənin hücumu davam etməməli və Bellinqemin qolu qeydə alınmamalı idi.
Norveç 36-cı dəqiqədə Andreas Şelderupun qolu ilə hesabı açıb. Bellinqem fasilə ərəfəsində tarazlığı bərpa edib, əlavə vaxtın 93-cü dəqiqəsində isə ikinci dəfə fərqlənərək İngiltərəyə 2:1 hesablı qələbə qazandırıb.
İngiltərə bu nəticə ilə DÇ-2026-nın yarımfinalına yüksəlib. Komanda növbəti mərhələdə son dünya çempionu Argentina ilə qarşılaşacaq.
15:18
İngiltərə futbol millisinin yarımmüdafiəçisi Cud Bellinqemin Norveçlə oyunda vurduğu ilk qolla bağlı mübahisəli epizod araşdırılıb.
İdman.Biz xəbər verir ki, FIFA-nın avtomatik toxunma aşkarlama sistemi qol zamanı topa hər hansı kənar müdaxilə qeydə almayıb.
Bildirilib ki, yüksək texnologiyalı topun daxilində yerləşdirilən sensorlar hər toxunuşu izləyir. Sistem hakimlərə mümkün ofsayd, əllə oyun və digər mübahisəli epizodlarla bağlı qərar qəbul etməkdə kömək edir.
Topdan alınan məlumatlar real vaxt rejimində video-köməkçi hakimlərə ötürülür.
Qeyd edək ki, İngiltərə millisi DÇ-2026-nın 1/4 finalında Norveçi əlavə vaxtda 2:1 hesabı ilə məğlub edib. İngiltərənin hər iki qolunu Cud Bellinqem vurub.
