DÇ tarixində ilk dəfə FIFA reytinqinin liderləri yarımfinaldadır

12 İyul 2026 12:47
87
DÇ tarixində ilk dəfə FIFA reytinqinin liderləri yarımfinaldadır

DÇ-2026-da tarixi göstərici qeydə alınıb.

İdman.Biz xəbər verir ki, dünya çempionatları tarixində ilk dəfə FIFA reytinqinin ilk dörd pilləsində yer alan milli komandaların hamısı yarımfinala yüksəlib.

FIFA-nın iyunun 11-də açıqladığı son reytinqə 1948,97 xalla Fransa başçılıq edir. Son dünya çempionu Argentina 1943,47 xalla ikinci, İspaniya 1934,79 xalla üçüncü, İngiltərə isə 1889,42 xalla dördüncü pillədə qərarlaşıb.

FIFA-nın kişi milli komandaları üçün reytinq sistemi 1992-ci ilin dekabrında tətbiq olunub. Həmin vaxtdan indiyədək ilk dəfə reytinqin lideri olan dörd yığma mundialın yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Fransa dörddəbir finalda Mərakeşi 2:0, İspaniya isə Belçikanı 2:1 hesabı ilə məğlub edib. İngiltərə Norveçi 2:1, Argentina da İsveçrəni 3:1 hesabı ilə əlavə vaxtda mübarizədən kənarlaşdırıb.

İlk yarımfinal qarşılaşmasında Fransa və İspaniya üz-üzə gələcəklər. İyulun 14-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İngiltərə və Argentina arasındakı digər yarımfinal matçı isə iyulun 15-də eyni saatda keçiriləcək.

DÇ-2026-nın finalı iyulun 19-da İst-Raterforddakı “MetLife” stadionunda təşkil olunacaq.

İdman.Biz