İngiltərə futbol millisinin qapıçısı Cordan Pikfordun “qeyri-real” adlandırdığı Meksika ilə 1/8 final qarşılaşması 2026-cı il dünya çempionatının ən yaxşı oyunu seçilib.
İdman.Biz xəbər verir ki, “Sports Illustrated” turnirdə indiyədək keçirilmiş 100 matçın reytinqini hazırlayıb.
Sıralama müəyyənləşdirilərkən yalnız vurulan qolların sayı deyil, qarşılaşmaların tempi, axıcılığı, dramatizmi, turnir baxımından əhəmiyyəti və azarkeşlərə yaşatdığı emosiyalar da nəzərə alınıb.
Reytinqin ilk pilləsində İngiltərə millisinin Meksikanı 3:2 hesabı ilə məğlub etdiyi oyun yer alıb. Mexikoda ildırım təhlükəsi səbəbindən bir saat gec başlayan qarşılaşmada beş qol, iki penalti və bir qırmızı vərəqə qeydə alınıb.
İngiltərə bununla dünya çempionatları tarixində Meksikanı bu ölkənin paytaxtında məğlub edən ilk milli komanda olub.
İkinci yerə Argentina millisinin Kabo-Verde üzərində 3:2 hesablı qələbəsi layiq görülüb. Kabo-Verde oyunda iki dəfə hesabı bərabərləşdirib və son dünya çempionuna ciddi müqavimət göstərib.
Argentina millisinin Misiri 3:2 hesabı ilə məğlub etdiyi görüş isə üçüncü olub. Lionel Messinin komandası 78-ci dəqiqəyədək 0:2 hesabı ilə geri düşsə də, 13 dəqiqə ərzində üç qol vuraraq böyük geridönüşə imza atıb. Messi qarşılaşmada penalti zərbəsindən istifadə edə bilməsə də, daha sonra bir qol və bir məhsuldar ötürmə ilə seçilib.
Reytinqin dördüncü pilləsində qol vurulmayan Kolumbiya - Portuqaliya görüşü qərarlaşıb. Nəşr 0:0 hesabına baxmayaraq, qarşılaşmanın yüksək tempdə və qarşılıqlı hücumlarla keçdiyini vurğulayıb.
Portuqaliyanın Xorvatiyanı 2:1 hesabı ilə məğlub etdiyi dramatik oyun beşinci olub. Xorvatiyanın əlavə vaxtın 13-cü dəqiqəsində vurduğu qol VAR yoxlamasından sonra ofsayd səbəbindən ləğv edilib.
Niderland - Mərakeş qarşılaşması altıncı yerdə qərarlaşıb. Əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan görüşdə Mərakeş penaltilər seriyasında 3:2 hesabı ilə qalib gəlib.
Əlcəzair və Avstriya millilərinin 3:3 hesablı heç-heçəsi yeddinci, Braziliyanın Yaponiyanı 2:1 hesabı ilə məğlub etdiyi oyun səkkizinci, Niderland - Yaponiya görüşü isə doqquzuncu olub.
İlk onluğu Belçikanın Seneqal üzərində 3:2 hesablı qələbəsi tamamlayıb. Belçika iki top fərqi ilə geri düşdüyü qarşılaşmada hesabı bərabərləşdirib, əlavə vaxtda isə Yuri Tilemansın penalti qolu ilə qələbə qazanıb.
Sıralamada ən zəif qarşılaşma Uruqvay və İspaniya milliləri arasında keçirilən oyun hesab edilib. İspaniyanın 1:0 hesabı ilə qalib gəldiyi görüş reytinqdə 100-cü yeri tutub.
Paraqvay - Avstraliya matçı 99-cu, Çexiya - Cənubi Afrika qarşılaşması isə 98-ci pillədə qərarlaşıb.
