İtaliya millisinin sabiq futbolçusu Roberto Baccio ölkə futbolunda köklü islahatlar həyata keçirmək istəyib.
İdman.Biz xəbər verir ki, İtaliya millisinin 2010-cu il dünya çempionatındakı uğursuz çıxışından sonra Baccio İtaliya Futbol Federasiyasının texniki direktoru təyin olunub.
O, cəmi bir il ərzində 50 mütəxəssisdən ibarət komanda toplayaraq 900 səhifəlik islahat layihəsi hazırlayıb. Layihənin əsas məqsədi futbolçuların hazırlıq sistemini yenidən qurmaq olub.
Sənəddə ölkə üzrə 100 məşq mərkəzinin yaradılması, həmin mərkəzlərdə hər il 50 minədək matçın keçirilməsi və istedadlı futbolçuların izlənilməsi üçün vahid məlumat bazasının formalaşdırılması təklif edilib.
Baccio hesab edib ki, İtaliya futbolunda taktikaya həddindən artıq üstünlük verilir. Onun fikrincə, əsas diqqət futbolçuların texniki bacarıqlarına və yaradıcılıq qabiliyyətinə yönəldilməli idi.
Lakin layihə faktiki olaraq rədd edilib. Baccionun sözlərinə görə, təqdimatdan əvvəl onu beş saat gözlədiblər, çıxışı üçün isə cəmi 15 dəqiqə vaxt ayırıblar. O, hazırladığı hesabatın, görünür, heç kim tərəfindən oxunmadığını bildirib.
İtaliya Futbol Federasiyası köklü dəyişikliklərdən imtina edib. Roberto Baccio da buna görə bir neçə il sonra vəzifəsindən istefa verib.
