“Biz Uels təmsilçisindən daha güclü komandayıq”.
Bu sözləri “Sabah” klubunun futbolçusu Timoteuş Puxaç UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Bakıda Uelsin TNS komandasını 2:0 hesabı ilə məğlub etdikləri ilk oyundan sonra deyib.
Polşalı müdafiəçi komandasının yaxşı oyun nümayiş etdirdiyini bildirib.
“Bu, yeni mövsümdə ilk rəsmi oyunumuz idi. Düşünürəm ki, yaxşı çıxış etdik və çoxlu qol epizodu yaratdıq. Təəssüf ki, yalnız iki dəfə fərqlənə bildik. Bununla belə, qələbə qazandıq və qapımızı toxunulmaz saxladıq. Pis nəticə deyil. İndi diqqətimizi cavab oyununa yönəltməliyik”, - deyə o AZƏRTAC-a açıqlamasında vurğulayıb.
O, “Sabah”ın növbəti mərhələyə yüksəlmək şanslarını da yüksək qiymətləndirib:
“Düşünürəm ki, biz rəqibdən daha güclü komandayıq. Bunu cavab görüşündə də sübut etməliyik. Növbəti mərhələyə yüksələcəyimizə inanıram”.
Puxaç TNS-in əsasən müdafiəmeyilli oyun üslubuna malik olduğunu da qeyd edib:
“Rəqib Azərbaycandakı bəzi komandalar kimi oyunu müdafiədən qurur. Bu, onların oyun üslubudur və buna hörmətlə yanaşıram. Ancaq hesab edirəm ki, biz daha keyfiyyətli komandayıq”.
Müdafiəçi komandasının oyunu ilə bağlı səslənən tənqidlərlə razılaşmadığını da söyləyib:
“Zəif oynadığımızla bağlı deyilənlərlə razılaşmıram. Əgər yaratdığımız qol imkanlarının daha çoxundan yararlansaydıq, məsələn beş qol vursaydıq, yəqin ki, oyunumuz barədə fərqli fikirlər səslənərdi”.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 14-də keçiriləcək.
