Arif Əsədov: “Fransa ilə 1/4 final oyununda Mərakeş millisindən sürpriz gözləyirəm”

8 İyul 2026 16:46
79
Arif Əsədov: “Fransa ilə 1/4 final oyununda Mərakeş millisindən sürpriz gözləyirəm”

Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov dünya çempionatının 1/4 final mərhələsində Fransa ilə oyunda Mərakeş millisindən sürpriz gözləyir.

55 yaşlı mütəxəssis DÇ-2026-nın 1/4 final mərhələsindəki cütlər barədə fikirlərini bölüşüb.

“Bu mundialdakı oyunlar çox maraqlı və gərgin keçir. Xüsusən də matçların sonları dramatik alınır. Mübarizəyə davam edən millilərin altısı Avropanı təmsil edir. Biri Afrika, digəri Cənubi Amerika kollektividir. Fransa Mərakeşlə cütün favoritidir. Amma afrikalılar göstərdilər ki, hər rəqibə qarşı yaxşı mübarizə apara bilirlər. Komandada özünəməxsus xarakter var. Keyfiyyətli oyunçuları da kifayət qədərdir. Fransa millisinin heyətindən danışmağa ehtiyac yoxdur. Avropanın top-klublarında oynayırlar. Son iki mundialın finalında oynayıblar və şansları çox ola bilər. Amma mən Mərakeşdən sürpriz gözləyirəm. Ən azından qarşılaşmanın əlavə vaxtadək gedəcəyini düşünürəm”, - deyə o report.az-a açıqlamasında söyləyib.

A.Əsədov bu raundda üz-üzə gələcək İspaniya və Belçika yığmalarının bir-birini yaxşı tanıdıqlarını vurğulayıb:

“İspaniyanın rəqibinə nisbətən mərhələ adlamaq şansı daha yüksəkdir. Belçikada oturuşmuş oyun görünməsə də, komanda matçın gedişində toparlanır və istədiyi nəticələri əldə edir. İspaniya favoritdir, amma asan qalibiyyət əldə edə bilməcəyəklər”.

Mütəxəssis Norveç və İngiltərə millilərinin güclərini eyni hesab etdiyini söyləyib:

“Lakin ingilislər daha təcrübəlidirlər, Avropa çempionatlarında mükafatçılar sırasına düşürlər. Amma Norveç heyət və oyun baxımından göstərir ki, güclü nəsil yetişib. Heyətdə Erlinq Holann kimi ulduz oyunçunu da xüsusi qeyd etməliyik. Şansları bərabər görürəm. Cüzi olsa da, İngiltərəyə üstünlük vermək olar. Erlinq Holann və Harri Keynin üz-üzə gəlməsi bombardirllərin yarışı baxımından da maraqlı alınacaq”.

A.Əsədov son olaraq Argentinın İsveçrəyə nisbətən üstün tərəf olduğunu sözlərinə əlavə edib:

“Argentina son dünya çempionudur, daha təcrübəlidir. Üstünlük onların tərəfindədir. Lionel Messi amilini də unutmaq olmaz. O, bir daha sübut etdi ki, hazırda dünyanın ən yaxşılarından biridir. Bu yaşda futbolçuların əksəriyyəti karyeralarını bitirirlər. Amma Messi və Kriştianu Ronaldu dahi olduqlarını bir daha sübut etdilər. Düşünürəm ki, İsveçrə ilə oyunda da Messi amili önəmli rol oynayacaq. İsveçrəyə də alqışlar düşür. Komandanın bu mərhələyə kimi irəliləməsi bunu göstərir. Baş məşqçi Murat Yakının komandanın oyununa toxunuşunu görürük. Şans Argentinanın tərəfdədir, amma futbolda hər şey ola bilər”.

Xatırladaq ki, DÇ-2026 iyulun 19-da başa çatacaq.

İdman.Biz