DÇ-2026-nın dörddəbir finalında İngiltərə millisi ilə qarşılaşacaq Norveç yığmasında bir neçə futbolçu sağlamlıq problemi yaşayır.
İdman.Biz xəbər verir ki, komandanın baş məşqçisi Stole Solbakken heyətdə qızdırma, öskürək və xırıltı hallarının olduğunu bildirib. Onun sözlərinə görə, Yorgen Strand Larsenin temperaturu qalxıb, daha sonra isə komanda daxilində oxşar simptomlar müşahidə olunub.
Solbakken xəstəliyin səbəbi kimi kondisionerləri, uçuşları, paltardəyişmə otaqlarını və turnir ərzində yığılan yorğunluğu göstərib. Mütəxəssis 50-dən çox insanın olduğu kollektivdə belə halların normal qarşılana biləcəyini deyib.
Baş məşqçi Erlinq Holandın xəstələnən futbolçular arasında olub-olmadığını dəqiqləşdirməyib. Bu səbəbdən “Mançester Siti”nin hücumçusunun durumu hələlik qeyri-müəyyən olaraq qalır.
Qeyd edək ki, Norveç yığması Bakı vaxtı ilə 12 iyul, saat 01:00-da DÇ-2026-nın dörddəbir finalında İngiltərə ilə üz-üzə gələcək.
