DÇ-2026-nın dramatik Argentina – Misir oyunundan sonra Misir tərəfinin hakimlərlə bağlı FIFA-ya etdiyi şikayət diqqətləri vaxtilə Azərbaycan klublarının və milli komandasının oyunlarını idarə etmiş referilərə yönəldib.
DÇ-2026-nın 1/8 final mərhələsində keçirilən Argentina - Misir matçına təyinat alan hakimlər briqadası qalmaqalın mərkəzinə düşüb. Misir millisi 2:0 hesablı üstünlüyünü əldən verərək 2:3 hesabı ilə məğlub olub. Bundan sonra Misir Futbol Federasiyası KİV-in məlumatına görə, qarşılaşmanın baş hakimi, fransalı Fransua Leteksye və onun köməkçilərinin idarəçiliyindən FIFA-ya şikayət edib.
İdman.Biz xəbər verir ki, Misir tərəfinin narazılığı bir neçə epizodla bağlı olub. Əsas mübahisə doğuran məqamlardan biri hesab 1:0 olarkən Mostafa Zikonun vurduğu qolun VAR müdaxiləsindən sonra hücum fazasında qayda pozuntusu səbəbindən ləğv edilməsi olub. Misirlilər bu qərarı mübahisəli hesab ediblər. Bundan sonra onlar ikinci qolu da vurublar. Lakin Argentina geridönüş edərək Kristian Romeronun 79-cu, Lionel Messinin 83-cü, Enso Fernandesin isə 90+2-ci dəqiqədə vurduğu qollar sayəsində 3:2 hesablı qələbə qazanıb.
Matçın sonlarında daha bir rezonans doğuran hadisə yaşanıb. Misir millisinin baş məşqçisi Hossam Hassan Misir tərəfinin iddiasına görə, hakimə FIFA-nın irqçilik əleyhinə protokolunda istifadə olunan çarpazlaşdırılmış qollar jestini göstərib. Bu işarə mümkün irqçilik hadisəsinə diqqət çəkmək məqsədi daşıyır. Lakin oyun dayandırılmayıb, əvəzində Hassan etirazlarına görə sarı vərəqə alıb. Misirlilər həmçinin Məhəmməd Salah və Həmdi Fəthi ilə bağlı epizodlarda Argentinanın cərimə meydançasında penalti verilmədiyini bildiriblər.
Maraqlıdır ki, bu görüşün hakimlər briqadasının demək olar ki, bütün əsas üzvləri əvvəllər bu və ya digər formada Azərbaycan futbolu ilə yollarını kəsişdiriblər.
Baş hakim Fransua Leteksye daha əvvəl “Qarabağ”ın oyunlarını idarə edib. O, 2018-ci ilin sentyabrında Avropa Liqasının qrup mərhələsində keçirilən “Sportinq” – “Qarabağ” matçının baş hakimi olub. Portuqaliya klubunun 2:0 hesablı qələbəsi ilə başa çatan həmin görüşdə böyük mübahisə doğuran qərarlar olmayıb. Leteksye yalnız Mahir Emreliyə sarı vərəqə göstərib. Həmin oyunda onun köməkçiləri də Argentina – Misir matçında olduğu kimi Siril Münye və Mehdi Rahmuni olublar.
Fransız referinin Azərbaycan futbolu ilə daha bir diqqətçəkən əlaqəsi var. O, 2017-ci ilin oktyabrında Çempionlar Liqasının “Qarabağ” – “Atletiko” (0:0) oyununda Rüd Bükenin rəhbərlik etdiyi briqadada əlavə köməkçi hakim kimi çalışıb. Məhz həmin qarşılaşma Ağdam klubunun Avrokubok tarixinin ən qalmaqallı epizodlarından biri ilə yadda qalıb. Dino Ndulovu “Atletiko”nun cərimə meydançasında müdafiəçi ilə təmasdan sonra yerə yıxılsa da, penalti əvəzinə simulyasiyaya görə ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Bu qərar həmin dövrdə Azərbaycan futbolunda uzun müddət müzakirə olunmuşdu.
Argentina - Misir oyununun dördüncü hakimi, norveçli Espen Eskos da Azərbaycan futboluna yaxşı tanış simadır. O, DÇ-2022-nin seçmə mərhələsində Bakıda keçirilən Azərbaycan - İrlandiya (0:3) matçını idarə edib. Bundan başqa, Çempionlar Liqasında “Qarabağ” – “Nyukasl” (1:6) görüşünün də baş hakimi olub. Həmin oyunda “Qarabağ”ın qapısına əllə oyuna görə penalti təyin olunmuş, daha sonra isə VAR yoxlamasından sonra Azərbaycan klubunun qolu qüvvədə saxlanılmışdı.
Ehtiyat köməkçi hakim İsak Başevkin də “Qarabağ”ın oyunlarında çalışıb. O, 2019-cu ildə Çempionlar Liqasının təsnifat mərhələsində keçirilən “Qarabağ” - “Dandolk” (3:0) matçında yan xətt hakimi olub, daha sonra isə Eskosun briqadasında "Qarabağ" – “Nyukasl” görüşündə yer alıb.
Argentina - Misir matçında AVAR1 funksiyasını yerinə yetirən fransalı Villi Delajo da Azərbaycan klubu ilə bağlı vacib qərarlar verib. O, 2024-cü ilin sentyabrında Avropa Liqasında keçirilən “Tottenhem” - “Qarabağ” matçının baş hakimi olub. Delajo oyunun əvvəlində londonluların müdafiəçisi Radu Draquşini son ümid foluna görə meydandan qovub, ikinci hissədə isə “Qarabağ”ın xeyrinə penalti təyin edib. Lakin Toral Bayramov həmin zərbəni dəqiq yerinə yetirə bilməyib və “Tottenhem” azlıqda qalmasına baxmayaraq 3:0 hesabı ilə qalib gəlib.
Matçın VAR hakimi Jerom Brisar da “Qarabağ”la əlaqəlidir. O, 2025-ci ildə Çempionlar Liqasının təsnifat mərhələsində keçirilən “Qarabağ” – “Ferensvaroş” oyununda VAR hakimi olub. Ağdam təmsilçisi həmin görüşdə 2:3 hesabı ilə məğlub olsa da, iki oyunun nəticəsinə görə növbəti mərhələyə yüksəlib. Qarşılaşmada Macarıstan klubunun lehinə təyin olunan penaltini Barnabaş Varqa dəqiq yerinə yetirib.
Videohakim briqadasının digər üzvü, belçikalı Bram van Drişe isə 2025-ci ildə Çempionlar Liqasının ilk turunda keçirilən “Benfika” – "Qarabağ" matçında VAR hakimi olub. Bu görüş Azərbaycan klubu üçün tarixi nəticə ilə yadda qalıb. "Qarabağ" Lissabonda 0:2 hesabı ilə geri düşməsinə baxmayaraq, 3:2 hesablı əzmkar qələbə qazanıb.
Beləliklə, Argentina - Misir qarşılaşmasını idarə edən hakimlər briqadasında Azərbaycan futbolunun izləri kifayət qədər nəzərə çarpır. Fransua Leteksye, Siril Münye və Mehdi Rahmuni əvvəllər “Qarabağ”ın Avropa Liqasındakı oyununda birlikdə çalışıblar. Espen Eskos və İsak Başevkin həm Azərbaycan millisi, həm də Ağdam klubu ilə yollarını kəsişdirmiş hakimlərdir. Villi Delajo “Tottenhem” – “Qarabağ” matçında əsas qərarları verib, Jerom Brisar və Bram van Drişe isə “Qarabağ”ın Çempionlar Liqasındakı oyunlarında VAR hakimləri olublar. Bununla belə, bu hakimlər qrupu ilə bağlı Azərbaycan futbolunda ən çox yadda qalan mübahisəli epizod hələ də 2017-ci ildə keçirilən “Qarabağ” - “Atletiko” qarşılaşması olaraq qalır. Həmin oyunda Leteksye baş hakim deyil, əlavə köməkçi hakim funksiyasını yerinə yetirirdi.
