UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində “Qarabağ” Futbol Klubunun iyulun 9-da T.Bəhramov adına Respublika Stadionunda “Vestri” (İslandiya) ilə keçirəcəyi ev oyununa görə Bakı metrosunda iş rejimi dəyişdiriləcək.
İdman.Biz xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) məlumat yayıb.
Bildirilib ki, oyun ərəfəsində yaxınlıqda yerləşən “Gənclik” stansiyası Bakı metrosunun kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Qarşılaşmaya maraq, həmçinin sərnişinlərin təhlükəsiz və rahat daşınması nəzərə alınaraq, stansiya əlavə nəzarət mexanizmləri ilə təmin olunacaq. Bu məqsədlə növbətçilik cədvəli tərtib edilməklə köməkçi işçi qüvvəsi cəlb olunacaq. Əsas diqqət sərnişinlərin, xüsusilə matçdan sonra, stansiyada hərəkət istiqamətini rahat müəyyən etməsinə yönəldiləcək, həmçinin “Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirləri görüləcək.
Qatarlar gün ərzində yay qrafikinin iş günləri cədvəli əsasında hərəkət edəcək. Zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq. Qarşılaşma başa çatandan sonra qatarların hərəkəti “Gənclik” stansiyasının iş rejimi nəzərə alınmaqla xüsusi qaydada tənzimlənəcək.
