“Sabah” futbol klubu güclü komandadır, amma mübarizə hələ bitməyib”.
Bu sözləri Uelsin TNS komandasının futbolçusu Daniel Uilyams UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində Bakıda “Sabah”a 0:2 hesabı ilə məğlub olduqları ilk oyunu dəyərləndirərkən deyib.
Yarımmüdafiəçi qarşılaşmanın çətin keçdiyini bildirib.
“Sabah”ın güclü komanda olduğunu bilirdik. Oyun planımıza sadiq qaldıq, lakin iki qol buraxdığımız üçün məyusuq. Bununla belə, qarşıda cavab oyunu var və hələ də şansımızın olduğunu düşünürük”, - deyə o AZƏRTAC-a açıqlamasında vurğulayıb.
Onun sözlərinə görə, 0:2 hesablı məğlubiyyətə baxmayaraq, komandası cavab görüşündə vəziyyəti öz xeyrinə dəyişməyə çalışacaq:
“Sabah” hazırda üstün vəziyyətdədir. Ancaq futbol gözlənilməz oyundur. Ümid edirəm ki, gələn həftə vəziyyəti öz xeyrimizə dəyişə biləcəyik”.
Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 14-də keçiriləcək.
