“Sabah”ın hücumçusu: “Uels klubu ilə cavab oyunu tamam fərqli keçəcək”

8 İyul 2026 16:01
80
“Sabah”ın hücumçusu: “Uels klubu ilə cavab oyunu tamam fərqli keçəcək”

“Yaxşı oyun keçirdiyimizi düşünürəm”.

Bu sözləri “Sabah”ın futbolçusu Coy-Lens Mikels UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində Bakıda Uelsin TNS komandasını 2:0 hesabı ilə məğlub etdikləri ilk oyundan sonra deyib.

Almaniyalı hücumçu bildirib ki, rəqib müdafiədə çox sıx oynadığı üçün hücum qurmaq və boşluqlar tapmaq asan olmayıb.

“Belə komandaya qol vurmaq həmişə çətin olur. Bununla belə, istəyimizə çatdıq. İlk qoldan sonra rəqibin daha açıq futbol oynayacağını və hücumlarının sayını artıracağını gözləyirdik. Ancaq hesab 2:0 olduqdan sonra da oyun üslublarını dəyişmədilər. Bu səbəbdən matç çətin keçdi. Qələbə qazandığımız üçün sevinirik”, - deyə o AZƏRTAC-a açıqlamasında söyləyib.

Forvard cavab görüşünün tamam fərqli keçəcəyini vurğulayıb:

“Çünki onlar artıq hücum etməyə və hesabdakı geriliyi aradan qaldırmağa çalışacaqlar. Bu isə meydanda daha çox boşluqların yaranmasına səbəb ola bilər. Belə olacağı təqdirdə, daha çox qol imkanları əldə edəcəyimizə inanıram”.

O, “Sabah”ın Çempionlar Liqasındakı hədəfləri barədə danışmağın tez olduğunu söyləyib:

“Qarşıda uzun yol var. Əlbəttə, mümkün qədər irəli getmək istəyirik. Hazırda bütün diqqətimizi cavab görüşünə yönəltmişik. Bu mərhələni adladıqdan sonra növbəti rəqibimiz barədə düşünəcəyik”.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 14-də keçiriləcək.

İdman.Biz