AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov “Sabah”ın UEFA Çempionlar Liqasının Birinci təsnifat mərhələsində Uelsin TNS klubu ilə keçirəcəyi oyunlarla bağlı fikirlərini bölüşüb.
Mütəxəssis son ölkə çempionunun qarşısında mühüm vəzifə dayandığını və komandanın turnirə yüksək hədəflərlə başlayacağını bildirib.
O, Bakı klubundan gözləntilərin çox böyük olduğunu vurğulayıb.
“İlk növbədə qeyd etməliyik ki, “Sabah” layiqli çempionluq qazandı və UEFA Çempionlar Liqasında debüt edəcək. Komandaya uğurlar arzulayıram. İnanıram ki, ilk oyundan etibarən öz iddiasını və hədəflərini ortaya qoyacaq. Hesab edirəm ki, görülən hazırlıq işləri və həyata keçirilən transferlər komandanın daha da gücləndiyini göstərir. Bu, “Sabah”ın həm azarkeşlərini, həm də ümumilikdə Azərbaycan futbol ictimaiyyətini sevindirmək niyyətində olduğunu göstərir. Komandanın doğma azarkeşlər önündə ən yaxşı oyunlarından birini keçirəcəyinə və cütün qalibi kimi növbəti mərhələyə yüksələcəyinə inanıram”, - deyə o AZƏRTAC-a açıqlamasında söyləyib.
Vaqif Sadıqovun sözlərinə görə, “Sabah”ın “Qarabağ” kimi güclü rəqibi geridə qoyaraq çempionluğu qazanması bu, komandanın böyük potensiala malik olduğunu göstərir:
“Buna görə də onlardan gələcəkdə daha böyük uğurlar gözləməyə əsas var”.
Qeyd edək ki, “Sabah” TNS-lə ilk oyunu iyulun 7-də evdə, cavab matçını isə bir həftə sonra səfərdə keçirəcək.
