“Futbolda bu gündən bir il sonrasına plan qurmaq çox çətindir, hər şey meydandakı performansa bağlıdır”.
Bunu İsrailin “Hapoel” (Kiryat Şmona) klubuna transfer olunan Azərbaycan millisinin futbolçusu Rüfət Abdullzadə report.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
- İsrail çempionatını seçməyinizdə əsas rol oynayan amillər nə idi? “Hapoel”dən gələn təklifdə sizi ən çox nə cəlb etdi?
– Mənim üçün ən əsas amil daha çox oyun praktikası qazanmaq və yeni bir futbol mədəniyyətində özümü tam sübut etmək istəyi idi. Müqavilə ilə məxsus olduğum Xorvatiyanın “Varajdin” komandasında bəzi səbəblərdən istədiyim qədər şans və vaxt qazana bilmirdim. Halbuki şans tapdığım zaman statistik göstəricilərim əslində pis deyildi. Az müddətdə 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalmışdım. İsrail Premyer Liqası skautların sıx izlədiyi, çox dinamik bir çempionatdır. Onlardan gələn təklifdə isə klubun oyun üslubuma ehtiyacının olması və mənə təqdim etdikləri layihə cəlbedici gəldi. Karyeramın bu mərhələsində davamlı oynayıb, özümü yenidən göstərmək üçün ən doğru yerin bura olduğunu düşündüm.
- Dediyiniz kimi, müqavilə ilə “Varajdin”ə məxsussunuz və bu keçid icarə xarakteri daşıyır. Mövsümün sonunda yenidən Xorvatiyaya qayıtmaq, yoxsa İsraildə qalmaq kimi bir hədəfiniz var?
– Futbolda bu gündən bir il sonrasına plan qurmaq çox çətindir, hər şey meydandakı performansa bağlıdır. Bəli, müqavilə ilə “Varajdin”ə məxsusam və bu transferin reallaşmasında Xorvatiya klubunun mənə göstərdiyi anlayışa görə təşəkkür edirəm. Ümumiyyətlə, transfer qərarlarında agentimlə çox yaxından məsləhətləşirəm və addımlarımızı birgə planlaşdırırıq. İcarə müqaviləsi hər iki tərəf üçün bir fürsətdir. Hazırkı hədəfim burada maksimum uğurlu mövsüm keçirməkdir. Mövsümün sonunda həm “Varajdin”in planlarını, həm də İsraildəki vəziyyəti birlikdə dəyərləndirib ən doğru qərarı verəcəyik.
- Ötən mövsümün ikinci yarısını “Zirə”də keçirdiniz. Komanda qalmağınızı istəmədi?
– “Zirə”də keçirdiyim 6 aylıq icarə dövrü mənim üçün faydalı təcrübə oldu. Mövsüm bitdikdən sonra şərtləri müzakirə etdik, lakin həm klubla müəyyən məqamlarda razılığa gələ bilmədik. Həm də “Zirə”nin bu transferin birdəfəlik gerçəkləşməsində çox böyük istəyi olmadı. Açığı, mövsümün sonunda Azərbaycandan da 1-2 fərqli təklif var idi. Lakin hər birinə ayrı-ayrılıqda təşəkkür edərək, karyeramı xaricdə, legioner kimi davam etdirməyin inkişafım üçün daha yaxşı olacağına agentimlə birlikdə qərar verdik.
- Yəqin İsrailə yollanmamışdan əvvəl bu ölkənin futbolu ilə maraqlanmısınız. İsrail çempionatı ilə Azərbaycan Premyer Liqası arasında hansı əsas fərqləri gözləyirsiniz? Özünüzü orada hansı cəhətlərinizlə daha çox göstərə biləcəyinizi düşünürsünüz?
– Yalan deməyəcəm, İsrail futbolunu yaxından izləyirəm desəm, doğru olmaz. Amma avrokuboklarda çıxış edən 2-3 aparıcı komandanı izləyirdim və oranın futbol mühiti haqqında az-çox məlumatım var idi. Məncə, əsas fərq oyun fəlsəfəsindədir. Azərbaycan futbolunun daha çox müdafiəyəmeyilli, taktiki nizam-intizama və qapalı oyuna əsaslandığını düşünürəm. İsraildə isə daha çox açıq futbol oynamağa, hücum etməyə üstünlük verilir. Bu cür sürətli və geniş sahədə oynanılan futbol mənim fərdi keyfiyyətlərimə, topla sürətlənmək və hücumda kreativ qərarlar vermək bacarıqlarıma tam uyğundur. Bu mühitdə özümü daha yaxşı tərəfdən sübut edə biləcəyimi düşünürəm.

- Yeni komandanın baş məşqçisi və ya rəhbərliyi ilə söhbətiniz olub?
– Bəli, transfer rəsmiləşməmişdən əvvəl baş məşqçi ilə ümumi söhbətimiz oldu. Məni hansı mövqedə düşündüyünü, komandanın oyun sistemində nələr gözlədiyini izah etdi. Bir futbolçu üçün baş məşqçinin onun gəlişində maraqlı olduğunu bilmək və planlarını eşitmək çox vacibdir. Bu söhbət mənə əlavə motivasiya verdi.
- Azərbaycan millisində əsas heyətin daimi üzvünə çevrilmək üçün bu transferin sizə nə qazandıracağını düşünürsünüz?
– Milli komandada oynamaq hər bir futbolçunun əsas məqsədidir. Amma ora düşmək və möhkəmlənmək üçün mütəmadi olaraq güclü, rəqabətli liqalarda oynamalısan. İsrail çempionatı mənə hər həftə yüksək təzyiq və sürət altında çıxış etmək təcrübəsi qazandıracaq. Burada sabit oynayıb özümü göstərə bilsəm, milli komandaya dəvət almağım və əsas heyət oyunçusuna çevrilməyim üçün ən böyük tramplin olacaq.
- Xaricdə oynayan azərbaycanlı futbolçuların sayı son illər az da olsa, artır. Sizcə, bu tendensiya milli komandanın səviyyəsinə necə təsir edəcək?
– Bunun təsiri mütləq müsbət olacaq. Legioner həyatı yaşamaq futbolçunu həm mental, həm də fiziki cəhətdən böyüdür. Fərqli futbol mühitləri, sürət və tələblər görən oyunçular milliyə qayıdanda komandaya daha çox özünəinam gətirirlər. Beynəlxalq arenada nə qədər çox oyunçumuz olsa, rəqabət artacaq və bu da birbaşa yığmanın səviyyəsini qaldıracaq. Ümumiyyətlə, düşünürəm ki, futbolçuların xaricə yollanmasında və uzunmüddətli karyera planlarında agentlərin rolu çox böyükdür. Uğurlu transferlərin arxasında bu peşəkar idarəçilik dayanır və bunu mütləq nəzərə almaq lazımdır.
- Azarkeşlər sizdən bu mövsüm konkret nə gözləyə bilər? Özünüz üçün qol, məhsuldar ötürmə və ya başqa fərdi hədəflər müəyyənləşdirmisiniz?
– Futbolda qabaqcadan rəqəmlər qoymağı düzgün hesab etmirəm. Hücumameyilli yarımmüdafiəçi kimi, təbii ki, hədəfim qollar vurmaq və məhsuldar ötürmələr etməkdir. Amma fərdi statistikadan öncə komandanın uğuru gəlir. Azarkeşlər meydanda hər oyunda son saniyəyə qədər vuruşan, komanda üçün maksimum fədakarlıq edən bir futbolçu görəcəklər. Əsas hədəfim sabit oynamaq və komandaya xallar qazandırmaqdır.
- İlk dəfə İsraildə çıxış edəcəksiniz. Yeni ölkəyə, fərqli mədəniyyətə və futbol mühitinə uyğunlaşmaq baxımından sizi ən çox nə düşündürür?
– Hər yeni ölkə müəyyən mənada uyğunlaşma tələb edir. Lakin mən artıq Xorvatiyada legioner həyatı yaşamışam və xaricdə necə davranmaq lazım olduğunu bilirəm. Futbolun dili universal olduğu üçün meydanda və paltardəyişmə otağında dil tapmaq çətin olmayacaq. Məni düşündürən yeganə məsələ komandaya dərhal qoşulub, məşqlərə başlayıb, oyun sisteminə ən qısa zamanda uyğunlaşmaqdır.
- Beş il sonranı təsəvvür etsəniz, özünüzü hansı çempionatda və səviyyədə görmək istərdiniz?
– Hər bir peşəkar futbolçu kimi, mənim də məqsədim Avropanın "Böyük beşlik" liqalarında və ən yüksək səviyyəli turnirlərdə oynamaqdır. Özümü 5 il sonra daha yetkin və o səviyyələrdə çıxış edən bir oyunçu kimi görmək istəyirəm. Amma çox yaxşı dərk edirəm ki, həmin hədəflərə gedən yol bu gün buradakı məşqlərdən və Kiryat Şmonada keçirəcəyim mövsümdən asılıdır. Qoşulduğum yeni komanda ilə uğur qazanmaq hazırda yeganə hədəfimdir.
