Portuqaliyalı qapıçı: “Azərbaycanda keçirdiyim dövr mənə çox şey qazandırdı” - MÜSAHİBƏ

6 İyul 2026 12:14
98
Portuqaliyalı qapıçı: “Azərbaycanda keçirdiyim dövr mənə çox şey qazandırdı” - MÜSAHİBƏ

“Azərbaycanın həyatımda xüsusi yeri var”.

Bunu bir müddət əvvəl “Zirə”dən ayrılan portuqaliyalı qapıçı Tiaqo Silva AZƏRTAC-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– “Zirə”dən ayrılmağınızın səbəbi nə oldu?

– İlk növbədə, göstərilən etimada və “Zirə”də məni səmimi qarşılayan hər kəsə təşəkkürümü bildirirəm. Klubdan ayrılmağım qarşılıqlı razılıq əsasında baş tutdu. Futbolda bəzən həm futbolçu, həm də klub yeni çağırışlara ehtiyac duyur və bunun doğru zaman olduğunu düşünür. Mən “Zirə”dən xoş xatirələr və böyük minnətdarlıq hissi ilə ayrılıram. Kluba hər zaman dərin hörmət bəsləyəcəyəm.

– Ötən mövsümün müəyyən hissəsində az oyun praktikası əldə edirdiniz. Bu, nə ilə bağlı idi?

– Futbol rəqabət üzərində qurulub və hər baş məşqçinin öz baxışı, oyun fəlsəfəsi və qərarları olur. Təbii ki, hər futbolçu daha çox oynamaq istəyir. Lakin mən həmişə baş məşqçinin seçimlərinə hörmətlə yanaşmış, məşqlərdə əzmlə çalışmış və şans qazandığım hər an komandaya fayda verməyə hazır olmuşam. Bu, peşəkar futbolçunun əsas xüsusiyyətlərindən biridir. Rəşad Sadıqov isə futbolda mənim üçün hər zaman ata kimi qalacaq. Mənə heç kimin inanmadığı bir vaxtda məhz o güvəndi və özümü göstərmək imkanı verdi. Buna görə Rəşad Sadıqova daim minnətdar olacağam.

– “Zirə” UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Gürcüstanın “Torpedo” komandası ilə qarşılaşacaq. Şansları necə dəyərləndirirsiniz?

– “Zirə”nin növbəti mərhələyə yüksəlmək üçün böyük şansı var. Komandadakı hər bir futbolçuya güvənirəm. Orada güclü kollektiv formalaşıb. Futbolçuların baş məşqçinin aşıladığı qalibiyyət ruhu sayəsində meydanda sonadək mübarizə aparacaqlarına əminəm. Mən də onları izləyəcək və dəstəkləyəcəyəm. “Zirə” mənim üçün hər zaman ailə olaraq qalacaq. Artıq bu komandanın formasını geyinməsəm də, sadiq azarkeşlərdən biri kimi çıxış edəcəyəm.

– Sabiq komandanız ötən mövsüm Premyer Liqanı beşinci pillədə başa vurdu. Lakin “Turan Tovuz”a tətbiq edilən sanksiya səbəbindən avrokuboklara vəsiqəni “Zirə” əldə etdi. Sizcə, komanda niyə mükafatçılar sırasına düşə bilmədi?

– Azərbaycan Premyer Liqası kifayət qədər rəqabətli çempionatdır. Mövsüm ərzində xırda detallar bir çox oyunun taleyini həll edir. Elə qarşılaşmalar oldu ki, daha çox xala layiq idik, lakin istədiyimizi əldə edə bilmədik. Futbolun gözəlliyi də elə bundadır. Buna baxmayaraq, komandanın avrokuboklara vəsiqə qazanması mühüm nailiyyətdir və düşünürəm ki, “Zirə” buna tam layiq idi.

– Azərbaycan yaddaşınıza necə həkk olundu? Gəcəkdə yenidən ölkəmizə qayıtmaq istərdinizmi?

– Azərbaycanın həyatımda xüsusi yeri var. Orada insanlar mənə hər zaman xoş münasibət göstərdilər. Bakıda yaşamaqdan böyük zövq aldım və fərqli mədəniyyəti yaxından tanımaq imkanı qazandım. Bu dövr həm futbolçu karyeram, həm də şəxsi həyatım baxımından çox önəmli oldu. Gələcəkdə yenidən Azərbaycana qayıtmaqdan məmnun olaram. Bu, istər səfər, istərsə də uyğun imkan yaranacağı təqdirdə peşəkar fəaliyyət baxımından baş verə bilər.

– Bakıda yaşadığınız müddətdə sizin üçün ən yaddaqalan hadisə hansı olub?

– Azərbaycanda keçirdiyim dövrdə çox gözəl xatirələr topladım. Xüsusilə komanda yoldaşlarım və azarkeşlərlə yaşadığımız anlar mənim üçün unudulmazdır. Eyni zamanda, Bakını daha yaxından tanımaq və yerli mədəniyyətlə tanış olmaq mənə çox şey qazandırdı. Bütün bunlar həm futbolçu, həm də insan kimi inkişaf etməyimə töhfə verdi. Lakin ən yaddaqalan məqam şübhəsiz ki, UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Xorvatiya təmsilçisi “Osiyek”lə keçirilən cavab oyunu oldu. Penaltilər seriyasında əla çıxış etdim. Həmin qarşılaşmada yaşanan hissləri sözlə ifadə etmək çətindir. İnanıram ki, həmin günü “Zirə” azarkeşləri də uzun illər unutmayacaqlar.

– Portuqaliya millisinin dünya çempionatındakı çıxışı və şansları barədə nə deyə bilərsiniz?

– Portuqaliya milli komandası həm təcrübəli, həm də istedadlı gənc futbolçulardan ibarət güclü heyətə malikdir. Düşünürəm ki, dünyanın ən güclü komandaları ilə mübarizə aparmaq üçün bütün imkanları var. Futbolda heç nə əvvəlcədən təmin olunmur. Lakin hesab edirəm ki, Portuqaliya çempionluq uğrunda mübarizə aparacaq əsas namizədlərdən biridir.

– Karyeranızla bağlı planlarınız nədən ibarətdir? Hazırda hər hansı klubla danışıqlar aparırsınız? Azərbaycandan təklif varmı?

– Hazırda bütün diqqətimi karyeramın növbəti mərhələsi üçün ən doğru seçimi etməyə yönəltmişəm. Müxtəlif klublarla danışıqlar aparılır, lakin hələlik yekun qərar verilməyib. Məqsədim yüksək səviyyədə mübarizə aparacağım, inkişafımı davam etdirəcəyim və komandanın qarşıya qoyduğu hədəflərə çatmasına töhfə verəcəyim bir layihəyə qoşulmaqdır. Azərbaycan futboluna və burada çıxış edən klublara böyük hörmətim var. Bununla belə, hazırda prioritetim bütün təklifləri dəyərləndirmək və ən doğru qərarı verməkdir. Bütün ehtimallar açıqdır. Gələcəyin mənim üçün nə hazırladığını zaman göstərəcək.

İdman.Biz
Məqalədə: