Azərbaycan Premyer Liqasında yeni mövsümə hazırlıqlar başlayıb və futbolumuzda köhnə sual yenidən gündəmə gəlir: Klublar yerli futbolçularla bağlı nə düşünür? Onlara həqiqətən güvənirlər, yoxsa sadəcə heyəti tamamlamaq üçün saxlayırlar?
İdman.Biz PFL-in açıqladığı 2025/2026 mövsümünün statistikasına əsaslanaraq müəyyən təhlillər aparıb və bu məsələdə kifayət qədər sərt mənzərə ortaya çıxıb.
Rəqəmlər nə deyir?
Premyer Liqada mövsüm ərzində meydana 330 futbolçu çıxıb. Onlardan 163-ü yerli, 167-si legioner olub. İlk baxışda balans var. Amma rəqəmlərin içinə girəndə görünür ki, problem sayda yox, roldadır.
Ən ciddi fərq məhz əsas heyət və oyun dəqiqələrində üzə çıxır. “Sabah” çempion olduğu mövsümdə 28 futbolçudan istifadə edib. Onların 11-i yerli, 17-si legioner olub. Komandada 1000 dəqiqəni keçən yerli futbolçu sayı cəmi üç nəfərdir. 1500 dəqiqədən çox oynayan yerli futbolçu isə olmayıb. Bu, çempion komandanın əsas yükünü yerli futbolçuların daşımadığını göstərir.
Say var, rol yoxdur
“Qarabağ”da vəziyyət bir qədər fərqlidir. Ağdam klubunda yerli və legioner sayı bərabər olub - 17-yə 17. Amma burada da əsas heyət yükü daha çox legionerlərin üzərindədir. Yerli futbolçulardan yalnız Toral Bayramov 1500 dəqiqəni keçib (Cari ilin iyun ayından Türkiyənin “Bursaspor” komandasına transfer olunub).
Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Musa Qurbanlı və Nəriman Axundzadə (Cari ilin fevral ayında MLS liqsının “Kolombus Kryu” komandasına transfer olunub) kimi adlar oynasa da, ümumi mənzərə göstərir ki, yerli futbolçu hələ də komandanın tam mərkəzi fiquruna çevrilmir.
Ən kəskin rəqəm “Neftçi”dədir. Bakı klubunda mövsüm ərzində meydana çıxan 25 futbolçudan yalnız 8-i yerli olub. 17 legionerə şans verən “Neftçi” bu baxımdan yerli bazara ən az güvənən komandalardan biri kimi görünür.
Kimlər yerliyə güvənir?
Digər tərəfdə “Kəpəz”, “Şamaxı”, “İmişli”, “Qəbələ” və “Karvan-Yevlax” kimi komandalar yerli futbolçu sayına görə daha öndədir. “Kəpəz” 22 yerli futbolçu ilə bu göstəricidə liderdir.
Amma burada da sual yaranır: bu, sistemli inkişaf siyasətidir, yoxsa büdcə məcburiyyəti? Çünki yerli oyunçuya daha çox şans verən klubların böyük hissəsi turnir cədvəlinin aşağı yarısında qərarlaşıb.
Bu isə problemin mahiyyətini açır. Yerli futbolçu oynatmaq təkbaşına inkişaf demək deyil. Əgər oyunçuya sistem, məşq keyfiyyəti, rəqabət mühiti və uzunmüddətli plan verilmirsə, onun meydanda olması sadəcə statistikanı gözəlləşdirir.
Hücum legionerlərin əlindədir
Fərdi göstəricilərdə də oxşar mənzərə var. Bombardirlər siyahısında əsas üstünlük legionerlərdədir. Coy-Lens Mikels (“Sabah”), Bassala Sambu (“Neftçi”), Velko Simiç (“Sabah”), Joarlem Santos (“Turan Tovuz”), Aleksandr Ramalinqom (“Sumqayıt”) və Karim Rossi (“Şamaxı”) kimi futbolçular hücum xəttində ön plana çıxıblar. Yerli futbolçulardan Emin Mahmudov (“Neftçi”) 11 qolla seçilən əsas addır.
Assistlərdə də oxşar vəziyyət müşahidə olunur. Timoteuş Puxaç, Coy-Lens Mikels, Velko Simiç (hamısı “Sabah”) və Luis Silvestr (“İmişli”) kimi legionerlər yaradıcılıq baxımından ön sıradadır. Yerli futbolçulardan Emin Mahmudov (“Neftçi”) və Aleksey İsayev (“Sabah”) fərqlənir.
Bu isə göstərir ki, yerli oyunçular daha çox müdafiə, dayaq, qapıçı və rotasiya zonalarında qalır. Oyunun taleyini dəyişən hücum və yaradıcılıq mövqeləri isə əsasən legionerlərə həvalə edilir.
Aşağı liqadan yuxarı yol niyə bağlıdır?
Ən narahatedici məqamlardan biri debüt statistikasındadır. Mövsüm ərzində Premyer Liqada çox sayda yeni futbolçu meydana çıxsa da, onların böyük əksəriyyəti legioner olub. Yəni klublar yeni oyunçu axtaranda da birinci növbədə daxili bazara yox, xaricə baxırlar.
Aşağı liqalardan Premyer Liqaya keçid mexanizmi də demək olar ki, işləmir. Birinci Liqada fərqlənən futbolçular yuxarı liqa klublarının əsas transfer hədəfinə çevrilmir. Belə keçid baş verəndə isə bu, adi proses kimi yox, ayrıca xəbər kimi qəbul olunur. Halbuki sağlam futbol piramidasında Birinci Liqa Premyer Liqa üçün təbii oyunçu bazası olmalıdır.
Bunun bir neçə səbəbi var. Aşağı liqalarda oyun tempi zəifdir, fiziki hazırlıq fərqi böyükdür, skautinq sistemi yetərli deyil, futbolçular haqqında statistik baza klublar üçün cəlbedici formada qurulmayıb. Premyer Liqa klubu üçün xaricdən hazır legioner gətirmək çox vaxt Birinci Liqadan oyunçu alıb onu altı ay inkişaf etdirməkdən daha asan görünür.
Transfer bazarında yerli futbolçu niyə risk sayılır?
Transfer bazarında yerli futbolçunun problemi həm də qiymət-keyfiyyət balansıdır. Keyfiyyətli azərbaycanlı futbolçu az olduğu üçün onların maaş tələbi tez yüksəlir. Klub eyni büdcə ilə xaricdən daha hazır, fiziki baxımdan güclü və təcrübəli oyunçu tapa bilir.
Belə olan halda yerli futbolçu ya bahalı görünür, ya da riskli. Klublar isə risk etmək əvəzinə hazır oyunçuya üstünlük verirlər.
Akademiyadan əsas komandaya keçid qırılır
Akademiya məsələsi də bu böhranın əsas hissəsidir. Klubların əksəriyyətində akademiya ilə əsas komanda arasında real körpü görünmür. Gənc futbolçu aşağı yaş qruplarında oynayır, amma əsas komandaya keçid mərhələsində ya itib gedir, ya icarəyə göndərilir, ya da ehtiyatda qalır.
Əsas komandada öz yetirməsinə ardıcıl 10-15 oyun şans verən klub sayı çox azdır. Bu səbəbdən akademiya çox vaxt əsas komandanın oyunçu mənbəyinə yox, ayrıca fəaliyyət göstərən strukturuna çevrilir.
AFFA-nın pul stimulu kifayət edirmi?
AFFA yerli futbolçuların dəqiqəsinə görə təşviq mexanizmi tətbiq edib. Qərara əsasən, bonus fondu Misli Premyer Liqasında iştirak edən klubların sifariş vərəqəsində yer alan legioner futbolçular üzrə ödəniləcək rüsumlardan formalaşacaq. Yəni legioner rüsumlarından ayrılacaq vəsaitin müəyyən hissəsi (minimum 1 000 000 AZN) Premyer Liqada çıxış edən klublar arasında bölüşdürüləcək. Mövsüm ərzində yerli futbolçuların (əmsallar nəzərə alınmaqla) ən çox xal topladığı klub əlavə mükafat (ümumi məbləğdən 50 000 AZN) da qazanacaq.
Hər bir klubun heyətində meydana çıxmış yerli futbolçuların oynadığı ümumi dəqiqə sayı Premyer Liqanın bütün klublarında yerli futbolçuların ümumi dəqiqə sayındakı faiz payına uyğun olaraq hesablanacaq.
Premyer Liqa çərçivəsində keçiriləcək oyunlar üzrə ümumi yerli futbolçu 1,0 əmsal, 21 yaş və daha gənc yerli futbolçu 1,5 əmsal, klubun yetirməsi (əsas komandaya yüksələnə qədər eyni klubun aşağı yaş qruplarında və ya əvəzedici komandasında ardıcıl minimum üç mövsüm çıxış etmiş futbolçu) isə 2,0 əmsalla qiymətləndiriləcək.
Bu, doğru addımdır. Amma problem ondadır ki, pul stimulu məşqçinin riskini tam aradan qaldırmır. Məşqçi nəticəyə cavabdehdirsə, o, çox vaxt sabahın ulduzu olacaq yerli futbolçunu yox, bugünkü hazır legioneri seçir.
Nəticə olaraq deyə bilərik ki, Azərbaycan futbolunda yerli oyunçu böhranı təkcə futbolçuların keyfiyyəti ilə bağlı deyil. Akademiyalar əsas komandaya oyunçu vermir, aşağı liqalar Premyer Liqaya real baza rolunu oynamır, klublar yerli bazarı dərindən izləmir, məşqçilər qısa müddətli nəticə təzyiqinə görə risk etmir.
