Piriç “Neftçi”də xoşbəxt deyil: “Variant tapın, gedim”

5 İyul 2026 23:49
100
Piriç “Neftçi”də xoşbəxt deyil: “Variant tapın, gedim”

Bakının “Neftçi” futbol klubunun qapıçısı Kenan Piriçin yaxın günlərdə komandadan ayrılacağı iddia edilir.

İdman.Biz sportinfo.az-a istinadən xəbər verir ki, Bosniya və Herseqovinadan olan qolkiper baş məşqçi Yuri Vernidubun növbəti mövsümdə ona ciddi şans verməyəcəyini bilir.

Onun ötən mövsümün ikinci yarısında etdiyi səhvlər Piriçin baş məşqçinin etimadını itirməsinə səbəb olub. Bu səbəbdən qapıçı yenidən menecerləri vasitəsilə başqa variantları nəzərdən keçirməyə başlayıb.

Məlumata görə, Piriç yaxın çevrəsinə “Neftçi”də xoşbəxt olmadığını deyib və sərfəli təklif olacağı halda klubdan ayrılmaq istədiyini bildirib. O, uyğun variant tapılarsa, “Neftçi” rəhbərliyinin də bu keçidə müsbət yanaşacağını düşünür.

Bosniyalı qapıçı 2025-ci ilin yayında Azərbaycana gəlib və “Neftçi” ilə iki illik müqavilə imzalayıb. “Antalyaspor”dan Bakı klubuna keçən Piriçin yenidən Türkiyəyə qayıtmaqda maraqlı olduğu qeyd olunur.

İddia edilir ki, Yuri Vernidub onun Emil Balayev və Rza Cəfərovla rəqabət aparmasına ehtiyatla yanaşır və daha bir əcnəbi qapıçı axtarışındadır. Piriç isə ehtiyatda qalmaq istəmir.

İdman.Biz