Türkiyənin “Fənərbağça” futbol klubu yeni baş məşqçisinin adını açıqlayıb.
İdman.Biz xəbər verir ki, İstanbul təmsilçisi komandanı İsmayıl Kartala həvalə edib. Tərəflər arasında 2026/27 mövsümünün sonunadək nəzərdə tutulan birillik müqavilə imzalanıb.
Bununla da 65 yaşlı mütəxəssis “Fənərbağça”nın baş məşqçisi kimi dördüncü dövrünə başlayıb.
Təyinatdan əvvəl əsas namizəd kimi Aykut Kocamanın adı çəkilirdi. Hətta klubun rəsmi açıqlamanı məhz 18 iyuna saxladığı bildirilirdi. Kocaman 2018-ci ilin eyni günündə “Fənərbağça”dan ayrılmışdı və onun düz səkkiz il sonra geri dönəcəyi gözlənilirdi.
Lakin tərəflər arasında keçirilən son görüşdə razılıq əldə olunmayıb. Türkiyə mediasının məlumatına görə, fikir ayrılığı heyətin formalaşdırılması və klubun Samandıra bazasındakı idarəçilik məsələləri ilə bağlı yaranıb.
Bundan sonra “Fənərbağça” rəhbərliyi İsmayıl Kartalla razılığa gəlib və onun təyinatını klub televiziyasının canlı efirində elan edib.
Kartal açıqlamasında yenidən doğma klubuna qayıtmasından məmnunluğunu ifadə edib:
“Çox duyğuluyam, xoşbəxtəm və həyəcanlıyam. Bu, mənim dördüncü gəlişimdir. Klubun övladı kimi etimadı doğrultmaq üçün əlimdən gələnin ən yaxşısını edəcəyəm”.
Qeyd edək ki, İsmayıl Kartal sonuncu dəfə 2023/24 mövsümündə “Fənərbağça”nı çalışdırıb.
