“Neftçi”nin hədəfi 400 min avro maaş tələb edir

18 İyun 2026 14:02
95
“Neftçi”nin hədəfi 400 min avro maaş tələb edir

Portuqaliyalı hücumçu Pedro Markes hələ də “Neftçi”nin hədəfləri sırasındadır.

İdman.Biz “Thema Sports” nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı forvardın xidmətində Limassol AEL-i də maraqlıdır.

Kipr klubu Markesə hələlik rəsmi təklif göndərməyib. AEL rəhbərliyi futbolçunun maliyyə şərtlərini öyrənib və portuqaliyalının illik 400 min avro (783,6 min manat) maaş tələb etdiyi məlum olub.

Bu məbləğin Limassol təmsilçisi üçün yüksək olduğu bildirilir və AEL-də ötən mövsüm ən yüksək maaş alan futbolçunun Leo Natel olduğu vurğulanır. Braziliyalının illik qazancı 270 min avro təşkil edib.

Markes mövsüm başa çatdıqdan sonra “Apollon”dan ayrılıb və hazırda azad agent statusu daşıyır. Hücumçu yeni klubu ilə bağlı qərar verməyə tələsmir.

Portuqaliyalı futbolçu “Apollon”da keçirdiyi üç mövsüm ərzində bütün turnirlərdə 85 oyuna çıxıb və 35 qol vurub. O, 2025/26 mövsümündə komandanın kapitanlarından biri olub.

İdman.Biz