Türkiyənin “Fənərbağça” futbol klubunda heyətin yenidən qurulması məqsədilə genişmiqyaslı dəyişikliklər gözlənilir.
İdman.Biz xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, klub prezidenti Aziz Yıldırım yeni transferlər üçün büdcədə və legioner limitində yer açmağa hazırlaşır.
İstanbul təmsilçisinin hazırda 35 milyon avro (68,86 milyon manat) səviyyəsində olan transfer büdcəsini artırmaq istədiyi bildirilir. Rəhbərlik futbolçuların satışından gəlir əldə etməklə yanaşı, komandanın maaş yükünü də azaltmağı planlaşdırır.
Nelson Semedu, Entoni Musaba və Fredin yeni mövsüm üçün nəzərdə tutulmadığı qeyd olunur. Ceyden Oostervolde və Arçi Braunun gələcəyi isə kluba daxil olacaq rəsmi təkliflərdən asılı olacaq. Gənc futbolçu Sidiki Şerifin təcrübə toplaması üçün icarəyə verilməsi gözlənilir.
Rəhbərliyin yüksək məbləğli təklif gələcəyi təqdirdə N'Qolo Kante, Anderson Taliska və qapıçı Edersonun satışını da nəzərdən keçirə biləcəyi vurğulanır.
“Fənərbağça”nın özlərinə yeni klub tapmasını istədiyi digər futbolçuların Dominik Livakoviç, Sofyan Amrabat, Rodriqo Bekao, Fall, Diuf, Mimoviç və Ömər Fayed olduğu bildirilir.
Qeyd edək ki, seçki öncəsi prinsipial razılıq əldə olunduğu deyilən Vedat Muriqi transferi də hələ rəsmən açıqlanmayıb.
