“Mançester Siti” Rodrinin əvəzləyicisi ilə müqaviləni razılaşdırdı

30 İyul 2026 11:51
99
“Mançester Siti” Rodrinin əvəzləyicisi ilə müqaviləni razılaşdırdı

Fransanın “Lill” futbol komandasının yarımmüdafiəçisi Ayub Buaddi İngiltərənin “Mançester Siti” komandasına keçməyə yaxındır.

İdman.Biz italiyalı jurnalist Nikolo Skiraya istinadən xəbər verir ki, “Mançester Siti” 18 yaşlı mərakeşli futbolçu ilə şəxsi müqavilə şərtlərini razılaşdırıb. Saziş 2031-ci ilin yayınadək nəzərdə tutulub. İngiltərə klubu transferlə bağlı “Lill”lə danışıqları davam etdirir.

Buaddi Madrid “Real”ının maraq dairəsində olan İspaniya millisinin dayaq yarımmüdafiəçisi Rodrinin mümkün əvəzləyicilərindən biri kimi nəzərdən keçirilir. “Mançester Siti” Rodrinin gələcəyi ilə bağlı müxtəlif variantlara hazırlaşır. “Real”ın 30 yaşlı futbolçuya maraq göstərdiyi də bildirilir.

Məlumata görə, “Lill” Buaddinin transferindən 100 milyon avroya (194 milyon AZN) qədər gəlir əldə etmək istəyir.

Buaddinin “Lill”lə müqaviləsi 2029-cu ilin yayınadək qüvvədədir. “Transfermarkt”ın 1 iyun 2026-cı ildə etdiyi son yeniləməyə əsasən, futbolçunun bazar dəyəri 50 milyon avrodur (97 milyon AZN).

Mərakeş millisinin üzvü DÇ-2026-da beş qarşılaşmada meydana çıxıb.

İdman.Biz