Perunun “Deportivo Munisipal” futbol klubu maliyyə böhranından çıxmaq üçün oyun formasında 1000 sponsorun reklamını yerləşdirib.
İdman.Biz “Lions Daily News”a istinadən xəbər verir ki, maliyyə problemləri səbəbindən həvəskar liqaya düşən Limanın dördqat ölkə çempionu fəaliyyətini davam etdirmək üçün qeyri-adi kampaniyaya başlayıb.
Klub bir neçə iri reklam sahəsi əvəzinə formanı 1000 kiçik sponsor yerinə bölüb. Bu sahələri yerli şirkətlər, kiçik sahibkarlar və azarkeşlər ala biliblər. Qiymətlər 25 avrodan (48 manat) 150 avroya (291 manat) qədər dəyişib.

Sponsorlar bunun qarşılığında klubun sosial şəbəkələrində reklam, biletlərə və atributlara endirim, həmçinin futbolçular vasitəsilə bizneslərini tanıtmaq imkanı əldə ediblər.
Bütün 1000 reklam yeri təxminən üç ay ərzində satılıb. Kampaniyadan əldə edilən vəsait klubun bir illik xərclərini qarşılamağa kifayət edib.
Layihə “McCann Lima” agentliyi ilə birlikdə hazırlanıb. Kampaniya “Cannes Lions-2026” beynəlxalq reklam və kreativ marketinq festivalında əsas mükafata layiq görülüb.
