İtaliyanın “Leççe” futbol komandasının cinah hücumçusu Lamek Banda təxminən iki həftədir klubla əlaqə saxlamır.
İdman.Biz “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, Zambiya millisinin 25 yaşlı futbolçusu mövsümöncəsi hazırlıq üçün komandaya qoşulmayıb və klub nümayəndələrinin zənglərinə cavab vermir.

Banda əvvəlcə ölkəsində keçirilən toy mərasimindən sonra pasport, logistika və bürokratik problemlər səbəbindən İtaliyaya qayıda bilmədiyini deyib. “Leççe” 21 iyulda futbolçunun komandaya qoşulmaması ilə bağlı vəziyyəti araşdıracağını və müqavilə öhdəliklərinin pozulduğu müəyyənləşərsə, intizam tədbirləri görə biləcəyini açıqlayıb.
23 iyulda BandaNIN Lusaka hava limanında səyahət etməyə hazır vəziyyətdə şəkli çəkilib. Amma o, İtaliyaya uçmayıb.

Həmin andan etibarən Lamekdən heç bir xəbər yoxdur. Heç kim onun harada olduğunu, nə etdiyini, hətta nə əldə etmək istədiyini bilmir.
“Leççe”nin rəhbərliyinin təəccübünün əsas səbəbi klubla hücumçunun agentləri arasında yaxşı münasibətlərin olmasıdır. Bildirilir ki, agentlərin özləri də 2001-ci il təvəllüdlü futbolçunun tələblərindən xəbərsizdirlər.
Daha bir detal var: futbolçu yoxa çıxıb, amma həyat yoldaşı yox. İyunun 13-də Lameklə evlənən və beş gün əvvəl onunla hava limanında olan Abi Çato “Instagram”da çamadanların fotolarını və lüks otellərin foyelərində çəkdirdiyi selfiləri paylaşmağa davam edir.


Bu ipucları isə heç nəyi aydınlaşdırmır. İki həftədir cavab yoxdur və sual dəyişməz qalır: Bandaya nə olub?
Banda ötən mövsüm “Leççe”nin A Seriyasında qalmasında mühüm rol oynayıb. O, çempionatda beş qol vurub və dörd məhsuldar ötürmə edib. Futbolçunun “Leççe” ilə müqaviləsi 30 iyun 2027-ci ilədək qüvvədədir.
