Fransanın PSJ futbol klubunun və Portuqaliya millisinin yarımmüdafiəçisi Vitinya komandasının 2026-cı il dünya çempionatındakı şanslarını dəyərləndirib.
İdman.Biz xəbər verir ki, portuqaliyalı futbolçu yığmanın yüksək səviyyəli və istedadlı oyunçulardan qurulduğunu bildirib.
“Biz yüksək səviyyəli komandaya malik olduğumuzu bilirik. Dünyanın ən yaxşı klublarında çıxış edən çox istedadlı futbolçularımız var. Hətta deyə bilərəm ki, bəlkə də indiyədək belə güclü komandamız olmayıb. Amma kağız üzərində bunların heç bir mənası yoxdur”, - deyə Vitinya söyləyib.
26 yaşlı yarımmüdafiəçi Portuqaliyanı turnirin əsas çempionluq namizədlərindən biri kimi təqdim etməkdən çəkinib:
“Mən bizim favorit olduğumuzu demirəm. Çox güclü komandamız var, amma favorit deyilik. Bu ifadədən istifadə etmirəm. Bunu hər zaman yadda saxlamalıyıq”.
Vitinya komandanın böyük potensiala sahib olduğunu, lakin bunu meydanda sübut etməli olduqlarını vurğulayıb:
“Bizim çox yüksək potensialımız var və bunu əməldə göstərməliyik”.
