İngiltərənin “Mançester Yunayted” futbol klubunun hücumçusu Markus Reşfordun gələcəyi gözlənilməz istiqamətdə dəyişə bilər.
İdman.Biz “Diario Sport” nəşrinə istinadən xəbər verir ki, İspaniyanın “Barselona” klubu icarə müddəti başa çatdıqdan sonra ingiltərəli futbolçunun satınalma hüququndan istifadə etməyi planlaşdırmır.
Reşford özü Kataloniya təmsilçisində qalmaq istəsə də, klub rəhbərliyi onun transfer hüquqlarını almaq niyyətində deyil.
Mənbənin məlumatına görə, “Mançester Yunayted” 28 yaşlı hücumçuya yeni şans verməyə hazırdır. Komandanın baş məşqçisi Maykl Karrik futbolçunun keyfiyyətlərini yüksək qiymətləndirir və onunla mümkün qayıdışı barədə söhbət aparıb.
Reşfordun Almaniyanın “Bavariya” klubuna keçidi isə az ehtimal olunur. Buna futbolçunun yüksək maliyyə tələblərinin mane olduğu bildirilir.
İngiltərəli hücumçunun yalnız “Barselona”da qalacağı təqdirdə maaşının əhəmiyyətli hissəsindən imtina etməyə hazır olduğu qeyd olunur.
Reşford ötən mövsüm bütün turnirlərdə 49 matçda iştirak edib, 14 qol vurub və 14 məhsuldar ötürmə verib.
