İngiltərənin “Liverpul” futbol klubunun sabiq baş məşqçisi Yurgen Klopp 2026-cı il Dünya Çempionatı zamanı FIFA-nı sərt tənqid edib.
İdman.Biz “Sport.es” nəşrinə istinadən xəbər verir ki, mundialda televiziya eksperti kimi çalışan almaniyalı mütəxəssis matçlarda tətbiq olunan məcburi su fasilələrindən narazılığını bildirib.
Kloppun fikrincə, hər hissənin ortasında verilən fasilələr oyunun təbii axarını pozur və yalnız futbolçuların sağlamlığını qorumaq məqsədi daşımır.
“Futbol kondisionerli ofislərdə oturan idarəçilərin əsirinə çevrilir. Su balansının bərpası üçün fasilələr futbolçuların sağlamlığını qorumağa yönəlmiş tədbir kimi təqdim edilirdi. İsti hava şəraitində bu, nəcib təşəbbüs təsiri bağışlayır. Ancaq əslində sponsorlar üçün yaradılan qızıl qəfəsdən başqa bir şey deyil.
Əvvəllər əsas hadisə futbol idi. İndi isə onun reklam şousunun fon musiqisinə çevrilmək təhlükəsi var”, - deyə Klopp bildirib.
Almaniyalı mütəxəssis televiziya şirkətlərinin bu dayanmalardan əlavə reklam çarxları nümayiş etdirmək üçün istifadə etdiyini vurğulayıb.
Onun fikrincə, bu, turnirin kommersiya xarakterini daha da gücləndirir və azarkeşlərin futbolu izləmək təəssüratına mənfi təsir göstərir.
Qeyd edək ki, DÇ-2026-nın bütün oyunlarında hava şəraitindən asılı olmayaraq, hər hissənin ortasında - 22-ci dəqiqədə üç dəqiqəlik su fasiləsi tətbiq edilir.
