İngiltərə millisində tornado həyəcanı: futbolçular sığınacağa keçdilər

14 İyun 2026 12:45
98
İngiltərə millisində tornado həyəcanı: futbolçular sığınacağa keçdilər

İngiltərə futbol millisinin üzvləri 2026-cı il dünya çempionatı üçün məskunlaşdıqları Kanzas-Sitidə tornado xəbərdarlığı səbəbindən təhlükəsiz yerə keçməli olublar.

İdman.Biz xəbər verir ki, şəhərdə tornado həyəcan siqnalı işə salındıqdan sonra Tomas Tuhelin komandasına qapalı məkanda qalmaq və pəncərələrdən uzaqlaşmaq tapşırılıb.

ABŞ Milli Meteorologiya Xidməti ərazidə sürəti saatda 128 kilometrə çata biləcək dağıdıcı külək və həyati təhlükə yarada biləcək uçan dağıntılar barədə xəbərdarlıq edib. Futbolçular təhlükə sovuşanadək qaldıqları oteldə sığınacağa çəkiliblər.

Güclü külək, şimşək və leysanla müşayiət olunan qasırğa səbəbindən Kanzas-Sitidə keçirilən FIFA azarkeş festivalı da vaxtından əvvəl dayandırılıb. Şəhərin bəzi televiziya kanalları idman yayımlarını kəsərək hava şəraiti barədə təcili məlumatlar təqdim ediblər.

Bu, İngiltərə millisinin ABŞ-də üzləşdiyi ilk xoşagəlməz hadisə deyil. Daha əvvəl komandanın Floridadan Kanzas-Sitiyə daşınan avadanlıqlarının bir hissəsi oğurlanıb. Polis hadisə ilə bağlı iki nəfərə ittiham irəli sürüb, oğurlanan əşyaların böyük hissəsi isə geri qaytarılıb.

Bundan altı gün əvvəl İngiltərə millisinin məşq bazasının yaxınlığında atışma baş verib. Hadisə nəticəsində doqquz nəfər xəstəxanaya yerləşdirilib. Onların xəsarətlərinin həyat üçün təhlükəli olmadığı bildirilib.

Qeyd edək ki, İngiltərə millisi DÇ-2026-da ilk matçını iyunun 17-də Xorvatiyaya qarşı keçirəcək.

İdman.Biz