Kerem Aktürkoğlunun “matç fotosu” saxta çıxdı: TRT də aldandı - YENİLƏNİB + FOTO

14 İyun 2026 15:39
561
Kerem Aktürkoğlunun “matç fotosu” saxta çıxdı: TRT də aldandı - YENİLƏNİB + FOTO

Türkiyə milli komandasının Avstraliyaya 0:2 hesabı ilə məğlub olduğu DÇ-2026 matçından sonra Kerem Aktürkoğlu ilə bağlı yayılan fotonun saxta olduğu müəyyənləşib.

İdman.Biz xəbər verir ki, sosial şəbəkələrdə geniş yayılan görüntüdə Türkiyə millisinin hücumçusunun bir neçə avstraliyalı müdafiəçinin arasında qaldığı əks olunub.

Qısa müddətdə minlərlə dəfə paylaşılan fotonun süni intellekt vasitəsilə hazırlandığı üzə çıxıb.

Görüntünün saxta olması bir neçə detala görə müəyyən edilib. Fotoda 15 nömrəli formada görünən Avstraliya millisinin futbolçusunun Rayan Trevin olduğu bildirilib. Lakin həmin oyunçu Türkiyə ilə qarşılaşmada meydana çıxmayıb.

Matçda iştirak edən Kameron Bercess isə 21 nömrəli formada çıxış edib. Bundan başqa, şəkildə Kerem Aktürkoğlunun üzərində görünən Türkiyə millisinin forması da aktual deyil, əvvəlki mövsümə aiddir.

Saxta görüntünün oyunun yayımçısı olan TRT-nin efirində də istifadə edilməsi sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

İstifadəçilər doğruluğu yoxlanılmayan fotonun televiziya yayımında təqdim edilməsini tənqid ediblər. Hadisənin diqqətsizlik və məlumatın yoxlanılmaması səbəbindən baş verdiyi vurğulanıb.

Son dövrlərdə süni intellektlə yaradılan şəkillərin real görüntülərdən seçilməsinin çətinləşməsi idman mediasında da yeni problemlər yaradır.

13:23

Türkiyə futbol millisinin hücumçusu Kerem Aktürkoğlunun 2026-cı il dünya çempionatında Avstraliyaya qarşı keçirdiyi matçda rəqib müdafiəçilərlə boy fərqi diqqət çəkib.

İdman.Biz xəbər verir ki, qarşılaşma zamanı televiziya ekranlarına düşən görüntülər futbolsevərlər arasında ən çox müzakirə olunan məqamlardan birinə çevrilib.

Avstraliyanın müdafiə xəttində yer alan Alessandro Çirkatinin boyu 190, Harri Sauttarın 198, Kemeron Bercessin isə 194 santimetrdir. Kerem Aktürkoğlunun (173 sm) bu futbolçular arasında hava topları uğrunda mübarizəsi maraqlı görüntülərin yaranmasına səbəb olub.

Xüsusilə standart vəziyyətlər zamanı türkiyəli futbolçu ilə rəqib müdafiəçilər arasındakı nəzərəçarpan boy fərqi diqqətdən yayınmayıb.

Sosial şəbəkə istifadəçiləri Keremin üç hündürboylu müdafiəçi arasında apardığı mübarizə ilə bağlı zarafatlı paylaşımlar ediblər. Futbolçunun fiziki fərqə baxmayaraq, mübarizədən çəkinməməsi azarkeşlər tərəfindən təqdir olunub.

Qeyd edək ki, Türkiyə millisi D qrupunun ilk turunda Avstraliyaya 0:2 hesabı ilə məğlub olub.

İdman.Biz