"Barselona"nın sabiq baş məşqçisi və İspaniya futbol millisinin futbolçusu olmuş Xavi Ernandes klubun əfsanələr komandasından kənarlaşdırılıb.
İdman.Biz xəbər verir ki, ispan jurnalist Xavi Migelin məlumatına görə, buna səbəb Xavinin son seçkilərlə bağlı tutduğu mövqe olub.
Bildirilir ki, keçmiş yarımmüdafiəçiyə əfsanələr komandasının Mayami və Seulda keçirdiyi son iki oyunda iştirak etməyə icazə verilməyib və görünən odur ki, bu qadağa gələcək matçlarda da qüvvədə qalacaq.
Məlumata əsasən, oyunçuların siyahısını hazırlayan şəxs Alehandro Eçevarriyadır.
Xavi hər iki qarşılaşmada iştirak etmək üçün klubdan icazə istəsə də, ona rədd cavabı verilib. Klubun keçmiş baş məşqçisinə "arzuolunmaz qonaq" olduğu bildirilib.
Qeyd olunur ki, Xavi bu vəziyyətdən narazıdır. Bununla belə, klub rəhbərliyi baş verənlərin müvəqqəti xarakter daşıdığını və zamanla problemin həll olunacağını düşünür.
Əlavə edək ki, söhbət 2026-cı ilin martında keçirilən "Barselona" prezident seçkilərindən gedir.
Məlumatlara görə, Xavi açıq şəkildə klub prezidenti vəzifəsinə namizəd olan Viktor Fontu dəstəkləyib və seçki kampaniyası dövründə hazırkı prezident Joan Laportanı kəskin tənqid edib.
