İran futbol millisi Dünya Çempionatı-2026 öncəsi daha bir problemlə üzləşib.
İdman.Biz xəbər verir ki, İran Futbol Federasiyası ABŞ-ni turnirdə iranlı azarkeşlərin iştirakına mane olmaqda ittiham edib.
Federasiyanın açıqlamasında milli komandanın oyunları üçün azarkeşlərə ayrılan rəsmi bilet kvotasının ləğv olunduğu bildirilib. Qeyd olunub ki, FIFA prosedurlarına əsasən, hər iştirakçı federasiyaya öz komandasının oyunları üçün stadion tutumunun təxminən səkkiz faizi həcmində bilet ayrılır.
İran tərəfi həmin biletlərin federasiya vasitəsilə azarkeşlərə satılması üçün prosesə başladığını, lakin sonradan kvotanın geri götürüldüyünü açıqlayıb. Bu səbəbdən iranlı azarkeşlərin rəsmi kanal üzərindən bilet alması mümkün olmayıb.
Federasiya bəyan edib ki, azarkeşlərin qanuni və rəsmi şəkildə ayrılan bilet kvotasına çıxışının məhdudlaşdırılması beynəlxalq yarışların ruhuna və iştirakçı ölkələr arasında bərabərlik prinsipinə ziddir.
Açıqlamada məsələnin idmandankənar və siyasi amillərlə bağlı olub-olmaması barədə ciddi suallar yaratdığı vurğulanıb. İran Futbol Federasiyası FIFA-nı neytrallıq, ədalət və mövcud qaydaların qorunması üçün addım atmağa çağırıb.
İran millisi Dünya Çempionatı-2026-da G qrupunda Yeni Zelandiya, Belçika və Misir yığmaları ilə qarşılaşacaq. Komanda ilk iki oyununu Los-Ancelesdə, son matçını isə Sietldə keçirəcək.
