“Yoldaşlıq görüşləri Millətlər Liqasına hazırlıq məqsədi daşıyır. Futbol dili ilə desək, komandanın psixoloji cəhətdən hazır olması üçün qələbə qazanmaq vacibdir”.
Bu sözləri AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib.
Təcrübəli mütəxəssis Azərbaycan millisinin yoldaşlıq oyununda Maltaya məğlubiyyətini şərh edib.
“Hazırkı heyətdə bir çox futbolçu çempionatda az çıxış edir. Baş məşqçi bütün variantları nəzərdən keçirir. Məğlubiyyətin özü problem deyil. Hazırda komanda tam hazır vəziyyətdə deyil və nəticələr də bunu göstərir. Mövsüm başa çatdıqdan sonra futbolçuların milli komandada oynaması da çətinləşir. Xəyal Əliyevin zədələnməsi buna nümunədir. Ayxan Abbasov ölkənin ən yaxşı futbolçularını milliyə dəvət edib. İndi vacib olan məsələ hər şeyi sakit şəkildə təhlil etməkdir. Malta və San Marino ilə keçirilən oyunlar böyük əhəmiyyət daşıyır. Baş məşqçi hansı futbolçuların milli komandada oynamağa hazır olduğunu müəyyənləşdirməlidir. İndiyədək millimizə xaricdə uğur qazanmış bir çox əcnəbi mütəxəssis rəhbərlik edib. Hazırkı mərhələdə isə yerli məşqçinin arxasında dayanmaq lazımdır. Malta ilə oyunda qol epizodlarımız kifayət qədər olsa da, müdafiədə kobud səhvlərə yol verdik. Bundan sonra Anton Krivotsyukla Abdulla Xaybullayev arasında mübahisə yaşandı. Abdulla ötən mövsüm “Sabah”da daha çox oynayırdı, hazırda isə oyun təcrübəsi azdır. Az oynayan futbolçu səhv etdikdə daha emosional reaksiya verir. Anton isə 16 yaşından etibarən müxtəlif yaş qrupu üzrə millilərin formasını geyinir. Ölkədə futbolçu qıtlığı var və bu da ciddi problemlər yaradır. San Marino ilə qarşılaşmada qələbə qazanmaq isə vacibdir”, - deyə o, sport24.az-a açıqlamasında söyləyib.
Qeyd edək ki, Azərbaycan millisi yoldaşlıq oyunu çərçivəsində Maltaya 0:2 hesabı ilə məğlub olub.
