Lamin Yamal bığ-saqqal saxlayacağına söz verdi

7 İyun 2026 20:13
105
Lamin Yamal bığ-saqqal saxlayacağına söz verdi

İspaniyanın “Barselona” futbol komandasının vingeri Lamin Yamal 2025-ci ildə “Qızıl top” mükafatını Usman Dembelenin qazanmasına münasibət bildirib.

İdman.Biz xəbər verir ki, ispaniyalı futbolçu həmin gün mükafatı özünün qazanacağını düşündüyünü etiraf edib.

“Düzünü desəm, həmin gün baş verən bir çox şeyə görə “Qızıl top”u mənim qazanacağımı düşünürdüm. Amma geriyə baxanda hesab edirəm ki, Dembelenin qalib gəlməsi mənim üçün çox yaxşı oldu. Bu, şəxsi olaraq böyüməyimə kömək etdi. Məncə, o mükafatı qazanmaq üçün doğru vaxt deyildi. Çünki hələ uşaq idim və “Qızıl top”un əslində nə demək olduğunu yəqin ki, tam qiymətləndirə bilməzdim. Görək, bu il mənim ilim olacaqmı”, - deyə Yamal söyləyib.

Yamal Usman Dembele ilə münasibətlərinin yaxşı olduğunu da vurğulayıb. O bildirib ki, fransalı futbolçu ilə əlaqələri “Qızıl top” mərasimindən sonra da davam edir:

“Usmanla münasibətlərimiz çox yaxşıdır. Onunla vaxt keçirmişəm, çox danışmışam. Hətta bir neçə gün əvvəl mənimlə maraqlandı və işlərimin necə getdiyini soruşdu. “Qızıl top” mərasimindən sonra böyüdüm, həyatımda çox şey dəyişdi. Onun qalib gəlməsinə çox sevinirəm. Dubaydakı mərasimdə də birlikdə idik və münasibətlərimizin gözəl olduğu görünürdü. Hələ də bəzən əlaqə saxlayırıq”.

Gənc futbolçu Dünya Çempionatı ilə bağlı maraqlı vəd də verib. Yamal bildirib ki, İspaniya yığması ilə mundialı qazansa, üç həftə ərzində saqqal və bığ saxlayacaq.

Qeyd edək ki, Usman Dembele 2025-ci ildə “Qızıl top” mükafatını qazanıb. Lamin Yamal isə səsvermədə ikinci yeri tutub.

İdman.Biz