“Rəqabət göz önündədir. Çox yaxşı komanda formalaşıb”.
Bunu “Araz-Naxçıvan” futbol klubunun yeni transferi Ceyhun Nuriyev futbolxeber.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
- Artıq “Araz-Naxçıvan”ın futbolçususunuz. Keçidiniz necə alındı? Başqa təkliflər var idi?
- Bəli, başqa təkliflər var idi. 4-5 klub məni heyətində görmək istəyirdi. Keçidim bir qədər gec alındı. Çünki təkliflər çox idi və buna görə də qərar verməyə tələsmirdim. Çox götür-qoy elədim, çox fikirləşdim. Cavid Hüseynov məni sərəncamında görmək istəyirdi. Təklif də çoxdan gəlmişdi. “Zirə”dən ayrılandan “Araz-Naxçıvan”ı düşünürdüm. Yekunda da elə bura gəldim.
- “Zirə”dən ayrılmağınıza səbəb nə oldu?
- Gizli bir səbəb yoxdur. Oynamırdım. Son turu nəzərə almasaq, 2 ay ərzində üst-üstə demək olar ki, heç 90 dəqiqə meydanda olmadım. Yəni klubdan ayrılmağıma səbəb oynamamağımdır. Rəşad Sadıqovla münasibətimizdə hər şey qaydasındadır.
- “Araz-Naxçıvan”ı seçməyinizdə həlledici amil nə oldu?
- Mənə olan inam, etimad və mənim bu kollektivdə digərləri ilə müqayisədə daha çox işləmək istəyim.
- Yəqin ki, “Araz-Naxçıvan”da özünüzü əsas heyətdə görürsünüz?
- Rəqabət göz önündədir. Çox yaxşı komanda formalaşıb. Demək olar ki, hər mövqedə iki eyni səviyyəli futbolçu var. Təbii ki, mən əsas heyətdə oynamaq üçün gəlmişəm. Amma bunun alınıb-alınmayacağını zaman göstərəcək. Mən əsas heyətdə yer almaq üçün əlimdən gələni edəcəyəm.
- Yeni klubda debütunuz uğurlu alındı. “İmişli” ilə yoxlama matçında baxımlı qola imza atdınız...
- Əlbəttə, ilk görüşdə fərqlənmək xoşdur. Lakin bu, yoxlama oyunudur. Əsas çempionat matçlarında qol vurmaq və komandaya faydalı olmaqdır. Bunun üçün bütün gücümlə çalışacağam.
- Hazırkı “Araz-Naxçıvan” çempionatda hansı yerlərə iddia edə bilər?
- Çox yaxşı komplektləşmiş komandamız var. Artıq bir həftədir buradayam. “Araz-Naxçıvan”da çox yaxşı işlər görülür və bu, məni yaxşı mənada təəccübləndirir. Bu komanda yuxarı yerlər üçün rahatlıqla oynaya bilər.
