Finlər “Sabah”la cavab oyunu öncəsi “KuPS”un əsas üstünlüklərini açıqladılar - İDMAN.BİZ-in İCMALI

27 İyul 2026 15:08
124
Finlər “Sabah”la cavab oyunu öncəsi “KuPS”un əsas üstünlüklərini açıqladılar - İDMAN.BİZ-in İCMALI

Finlandiya futbol cameasında “KuPS”un “Sabah”la qarşıdurmanın gedişini öz xeyrinə dəyişərək Çempionlar Liqasının təsnifat mərhələsinin növbəti raunduna yüksələ biləcəyinə inam qorunub saxlanılır.

İdman.Biz xəbər verir ki, cavab oyunu öncəsi yerli KİV və klub nümayəndələri Finlandiya çempionuna kömək edə biləcək bir neçə əsas amili ön plana çıxarıblar.

Kuopioda ən böyük ümid doğma divarlar amilinə bağlanır. Qarşılaşma “Vare Areena” stadionunun süni örtüklü meydançasında keçiriləcək. “KuPS” futbolçuları uzun illərdir bu örtükdə çıxış etdiklərindən ona tam uyğunlaşıblar. Finlandiyada hesab edirlər ki, qonaqlar üçün qeyri-adi olan bu meydança oyunun tempinə təsir göstərə və meydan sahiblərinə üstünlük qazandıra bilər.

Fin tərəfinin fikrincə, azarkeşlərin dəstəyi də az əhəmiyyət daşımayacaq. Ev sektoruna ayrılan bütün biletlər artıq satılıb. Klub azarkeşləri tribunada mümkün qədər gur atmosfer yaratmağa çağırıb. Kuopioda vurğulanır ki, bu, komandanın son illərdə keçirdiyi ən vacib avrokubok oyunlarından biridir.

İlk oyundan sonra buraxılan səhvlər üzərində aparılan işə də xüsusi ümid bəslənilir. “KuPS”un yarımmüdafiəçisi Sayku Turay etiraf edib ki, komandası Bakıda “Sabah”ın təklif etdiyi yüksək oyunun tempinə hazır olmayıb.

“İlk oyundan sonra daha yaxşı hazırlaşacağıq. İndi nə etməli olduğumuzu bilirik və növbəti mərhələyə yüksəlmək üçün bütün imkanlarımızın olduğunu anlayırıq”, – deyə futbolçu bildirib.

Gözlənilir ki, Turay cavab qarşılaşmasında daha mühüm rol oynayacaq. Finlandiyada hesab edirlər ki, onun fiziki gücü, sürəti və aqressiv oyun üslubu “KuPS”a meydanın mərkəzində üstünlük qazanmağa və “Sabah”ın topa nəzarətini çətinləşdirməyə kömək edəcək.

Komandaya əlavə inamı Finlandiya çempionatında "VPS" üzərində qazanılan 3:1 hesablı qələbə verib. “KuPS” Hayme Moreno, Qustav Enqvall və Joslin Luyeye-Lutumbanın qolları sayəsində artıq 29-cu dəqiqəyədək matçın taleyini demək olar ki, həll edib.

Bu qarşılaşma məşqçilər korpusunun seçim imkanlarını da genişləndirib. Xüsusilə, “Sabah”la ilk oyunda ehtiyatda qalan Luyeye-Lutumba indi hücum xəttini gücləndirə biləcək əsas variantlardan biri hesab olunur.

Finlandiyada qarşıdurmanın yüksək əhəmiyyətini də xatırladırlar. Cütün qalibi Çempionlar Liqasının əsas mərhələsinə doğru daha bir addım atacaq və eyni zamanda Konfrans Liqasının liqa mərhələsində iştirakını təmin edəcək. Məlum olduğu kimi, Çempionlar Liqasının təsnifatının üçüncü mərhələsinə yüksələn komandalar burada məğlub olacaqları təqdirdə Avropa Liqasının pley-off mərhələsinə düşəcəklər. Oradan da uğursuz nəticə qeydə alınarsa, Konfrans Liqasının əsas mərhələsində iştirak hüququ əldə edəcəklər.

Xatırladaq ki, Bakıda keçirilən ilk görüş “Sabah”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab qarşılaşması sabah, iyulun 28-də Kuopioda keçiriləcək.

İdman.Biz