Minifutbol millisinin üzvü: “Azarkeşlərin dəstəyi bizi sonadək döyüşməyə ruhlandırdı”

5 İyun 2026 15:09
104
Minifutbol millisinin üzvü: “Azarkeşlərin dəstəyi bizi sonadək döyüşməyə ruhlandırdı”

“Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında azarkeşlərin dəstəyi sayəsində sonadək döyüşüb”.

Bu barədə minifutbol millisinin üzvü Vüsal İsayev bildirib.

O, turnirin qalibi olmaları ilə bağlı fikirlərini bölüşüb.

“Tribunalarda və ölkəmizdə bizə dəstək olan hər kəsə təşəkkür edirəm. Avropa çempionatında ikinci dəfə qızıl medal qazandıq. Bunu dünya çempionu olandan sonra etdik. Çox çətin oldu. Qrup mərhələsindən sonra dünya və Avropa çempionlarının yer aldığı “setka”da mübarizə aparırdıq. Çox ağır oyunlar keçirdik. Azarkeşlərin dəstəyini görüb özümüzdə güc tapdıq, sonadək döyüşdük”, - deyə o, report.az-a açıqlamasında söyləyib.

V.İsayevin sözlərinə görə, ən ağır matç son Avropa çempionu Serbiyaya qarşı olub:

“Öz oyunumuzu sərgiləyə bilmədik. Rəqib bizi çox yaxşı təhlil etmişdi. Fiziki cəhətdən güclü kollektiv idi. Amma Serbiyanı keçəndən sonra çempion olacağımıza inamım daha da artdı”.

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının final matçında Ukraynanı 2:0 hesabı ilə məğlub edib.

İdman.Biz