“Minifutbol üzrə Azərbaycan millisinin ikinci dəfə Avropa çempionu olması ölkə idmanı və futbolu üçün böyük hadisədir”.
Bu barədə Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti Orxan Məmmədov bildirib.
AMF rəhbəri komandanın Slovakiyada keçirilən turnirdə birinci yeri tutması ilə bağlı fikirlərini bölüşüb.
“Hamını qələbə münasibəti ilə təbrik edirəm. Azərbaycanda və burada olan azarkeşləri, idman və futbol ictimaiyyətini təbrik edirəm. Tarixi qələbədir. Azarkeşlər bizə möhtəşəm dəstək olurdular. Onlar Avropanın bir çox şəhərlərindən gəlmişdilər. Hər birinə təşəkkürlərimi çatdırıram. Buradakı səfirliyimizə minnətdaram. İlk gündən çox dəstək oldular. Komandamızın, oyunçularımızın yanında idilər. Yenidən Avropa çempionu olmaq böyük qürurdur. Azərbaycan idmanı, futbolu üçün böyük hadisədir”, - deyə o, report.az-a açıqlamasında söyləyib.
O.Məmmədov komandanın 2022-ci ildə də Avropa çempionatında qızıl medal qazandığını xatırladıb:
“Ötən il Bakıda keçirilən dünya çempionatında birinci yeri tutduq. Artıq komandalar bizi başqa cür qəbul edirdilər. Son matçlarda çətin rəqiblərlə üz-üzə gəldik. Hamı bizə qarşı başqa cür oynayırdı. Bütün futbolçulara, məşqçilər heyətinə, federasiyada çalışan əməkdaşlarımıza təşəkkür edirəm. Həqiqətən böyük hadisədir. İkinci dəfə Avropa çempionu olmaq böyük qürurdur. Cənab Prezident İlham Əliyev dünya çempionu olan zaman bizi qəbul edəndə demişdi ki, dünya çempionusunuz, artıq budan sonra sizin üzərinizə böyük məsuliyyət düşür. Hamı bizi başqa cür qəbul edəcək. Həqiqətən belə də oldu. Dedi ki, növbəti uğuru təkrarlamaq üçün çalışmalısınız. Biz çətin olacağını da bilirdik. Həmin sözlərdən sonra yenidən çempion olduğumuz üçün qürurluyuq. Möhtərəm Prezidentimizə təşəkkür edirik. Bu idman növünə ilk gündən böyük dəstək göstərib. Federasiyaya maliyyə dəstəkləri göstərilib. İki dəfə cənab Prezidentin qəbulunda olmaq uşaqlar üçün qürur mənbəyidir”.
AMF prezidenti dörd il ərzində iki Avropa, bir dünya çempionluğu əldə etmələrinin səbəbini açıqlayıb:
“Federasiya yarandığı gündən lazım olan futbolçuları tapdıq. Yavaş-yavaş komandanın əsas heyətini formalaşdırdıq. Bu uğurlarda baş məşqçinin də böyük rolu var. Elşad Quliyev neçə ildir ki, komandaya rəhbərlik edir. Onun zəhməti nəticəsində belə kollektiv yığmışıq. Bu onu göstərir ki, Azərbaycanda yaxşı idmançılar, futbolçular var. Sadəcə, çalışmaq lazımdır. Çünki dövlətimiz hər cür dəstək göstərir. İnam, zəhmət olan yerdə həmişə nəticə olur”.
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının final matçında Ukraynanı 2:0 hesabı ilə məğlub edib.
