“Hər bir oyun milli komanda üçün son dərəcə faydalıdır və bu matçlar təkcə nəticə deyil, həm də komandanın ümumi inkişafı baxımından mühüm rol oynayır”.
Bunu “Araz-Naxçıvan”ın sabiq baş məşqçisi Elmar Baxşıyev deyib.
Təcrübəli mütəxəssis millimizin Malta və San Marino yığmalarına qarşı keçirəcəyi yoldaşlıq oyunlarından gözləntilərini bölüşüb.
“Yoxlama oyunları zamanı xətlərarası əlaqələr daha da möhkəmlənir, komandanın taktiki anlaşması artır və oyun üslubu tədricən daha da genişlənir və formalaşır. Eyni zamanda hər bir qarşılaşma məşqçilər heyəti üçün vacib analiz materialı yaradır. Məşqçilər bu görüşlər vasitəsilə futbolçuların fərdi keyfiyyətlərini, fiziki hazırlığını, taktiki intizamını və komanda oyununa necə uyğunlaşdığını daha dəqiq qiymətləndirə bilirlər. Bu isə gələcək planlamalar və heyət seçimi sarıdan çox önəmlidir. Çempionat oyunlarında mütəmadi olaraq çıxış edən futbolçuların milli komandaya dəvət alması təbii bir prosesdir. Onların klub səviyyəsində göstərdiyi performans milliyə seçim imkanlarını artırır və düşərgədə rəqabəti artırır. Bu da ümumilikdə komandanın keyfiyyətinə müsbət təsir göstərir. Son qərar hər zaman baş məşqçiyə məxsusdur və oyunçuların formasını, taktiki uyğunluğunu və rəqibə qarşı planlarını nəzərə alaraq optimal heyəti müəyyənləşdirir. Hazırkı heyətin isə balanslı və rəqabətə davamlı olduğu qeyd oluna bilər”, - deyə o, sport24.az-a açıqlamasında bildirib.
Qeyd edək ki, Malta ilə matç iyunun 5-də, San Marino ilə görüş isə 9-da baş tutacaq. Qarşılaşamalar Bakı vaxtı ilə saat 22:00-da Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda keçiriləcək.
