İngiltərənin “Mançester Siti” futbol klubu Erlinq Holandla bağlı yayılan transfer iddiasından sonra “Real Madrid” prezidentliyinə namizəd Enrike Rikelmeyə qarşı hüquqi addım ata bilər.
İdman.Biz xəbər verir ki, “The Sun”un məlumatına görə, Mançester təmsilçisi Rikelmenin seçki kampaniyasında Holandın adından və obrazından istifadəsini etirazla qarşılayıb. Klub norveçli hücumçunun “Real Madrid”ə keçidi ilə bağlı iddiaları təkzib edib.
Rikelme İspaniya televiziyasında çıxışı zamanı prezident seçiləcəyi halda Holandı “Real Madrid”ə gətirəcəyini bildirib. O, futbolçunun müqaviləsində sərbəst qalma bəndinin olduğunu iddia edib. “Mançester Siti” isə belə bir bəndin mövcud olmadığını və transferin mümkün olmadığını açıqlayıb.
Holandın atası Alf-İnqe Holand və agenti Rafaela Pimenta da iddialara münasibət bildirib. Onlar Rikelmenin açıqlamasını “əyləncəli, amma doğru deyil” kimi qiymətləndiriblər.
Qeyd edək ki, Holandın “Mançester Siti” ilə müqaviləsi 2034-cü ilin iyununadək qüvvədədir. Rikelme seçki kampaniyasında Holandın adı olan “Real Madrid” formasını nümayiş etdirib və vədlərini yerinə yetirməyəcəyi halda klub üzvlərinin illik ödənişlərini qarşılayacağını deyib.
