“Slovakiyada keçirilən Avropa çempionatının yarımfinal mərhələsinin Serbiya - Azərbaycan oyunu döyüş idi”.
Bu sözləri minifutbol üzrə Azərbaycan millisinin qapıçısı Vəli Qafarov deyib.
O, əsas vaxtı 1:1 hesabı ilə bitən Serbiyaya qarşı yarımfinal görüşü (penaltilər seriyasında 3:1) haqqında fikirlərini bölüşüb.
“Qardaşlarım, dostlarım komanda yoldaşlarım 50 dəqiqə ərzində vuruşdular, döyüşdülər. Serbiya ilə matç həqiqətən bir döyüş idi. Futbolçular oyuna öz töhfələrini verdilər. Mən də penaltini qurtarmaqla bacardığımı etməyə çalışdım”, - deyə o, report.az-a açıqlamasında söyləyib.
V.Qafarov dünya reytinqində birinci pillədə qərarlaşdıqlarını xatırladıb:
“Avropa çempionatının finalına vəsiqə qazandığımız üçün Allaha şükür edirik. Turnirdən əvvəl açıqlamamda bildirmişdim ki, rəqiblərimizə qarşı yaxşı hazırlaşmışıq. Dünya reytinqində birinci pillədəyik. Son Avropa çempionunu taxtından endirdik. Artıq bir həlledici matçımız qalıb. Ümid edirəm ki, finalda da yaxşı nəticə qazanaraq Vətənə qayıdacağıq”.
Qeyd edək ki, Azərbaycan millisi bu gün finalda Ukrayna ilə üz-üzə gələcək. Matç “Tipos Arena”da, Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
