Minifutbol üzrə Azərbaycan millisi Avropa çempionatının finalında daha yaxşı oyun sərgiləmək istəyir.
İdman.Biz Report-a istinadən xəbər verir ki, bu barədə minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev mətbuat konfransında bildirib.
Mütəxəssis Slovakiyada keçirilən Avropa çempionatının yarımfinal mərhələsinin Serbiya ilə oyunundan sonra fikirlərini bölüşüb: “Bütün oyunçularımı, xalqımı təbrik edirəm. Çempion olmaq istəyirik. Serbiya Avropanın ən güclü kollektivlərindən biridir. Həqiqətən, çətin matç alındı. Rəqib bizdən üstün oynaya bilər, amma nəticəni biz qazandıq. Finalda daha yaxşı oyun sərgiləmək istəyirik”.
O, 1/4 finalda Çexiya ilə görüşdə çox güc itirdiklərini söyləyib: “Sabaha hazırlaşmalıyıq. Bundan daha yaxşı oyun sərgiləmək niyyətindəyik. Bir qol nəticəni həll edə bilir. Serbiya və biz ehtiyatlı oynayırdıq. Müdafiəni də düşünmək lazım idi. Bizim millimiz müdafiə futbolu oynamır”.
Xatırladaq ki, Azərbaycan millisi yarımfinal mərhələsində Serbiya seçməsini penaltilər seriyasında üstələyib – 3:1. Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə bitib.
