Aslan Kərimov: “Hər iki rəqibə qalib gəlmək mümkündür”

3 İyun 2026 10:53
69
Aslan Kərimov: “Hər iki rəqibə qalib gəlmək mümkündür”

Azərbaycan milli komandası artıq iki gündür ki, Avstriyada təlim-məşq toplanışını davam etdirir. Millətlər Liqası öncəsi son hazırlıq prosesini keçən yığmamız, bu ayın 5-də Malta, 9-da isə San Marino seçmələrini sınağa çəkəcək.

Bu yoldaşlıq görüşlərinin əhəmiyyəti və komandamız üçün hansı nəticənin uğurlu hesab oluna biləcəyi ilə bağlı Azərbaycan millisinin sabiq futbolçusu Aslan Kərimov fikirlərini bölüşüb.

Təcrübəli mütəxəssis millinin heyətini və qarşıdakı oyunları belə dəyərləndirib.

"Baş məşqçi heyəti tam əhatə edib. Zədəli oyunçuları nəzərə almasaq, potensialı olub da kənarda qalan hər hansı bir futbolçunun olduğunu düşünmürəm. Bu, rəsmi matçlardan öncəki son mərhələdir, bundan sonra artıq Millətlər Liqasının oyunları başlayacaq. Hər iki rəqibə qalib gəlmək mümkündür. Topa daha çox nəzarət edəcəyimiz bir oyun üslubu izləyəcəyik. Belə matçlarda heç-heçə də qeydə alına bilər, amma bu, heç nəyi dəyişmir. Hazırda əsas istəyimiz komandadakı boşluqları görməkdir, yəni nəticə o qədər də vacib deyil. Təbii ki, San Marino ilə görüşdə qələbə qazanmağa bir növ məcburuq. Lakin qalib gəlsək belə, müəyyən səhvlər yenə üzə çıxacaq. Əsas məqsəd bu çatışmazlıqları vaxtında müəyyənləşdirib aradan qaldırmaqdır", - deyə o, offsideplus.az-a açıqlamasında söyləyib.

İdman.Biz