Almaniyanın “Bavariya” futbol komandasının yarımmüdafiəçisi Camal Musiala zədədən sonra indiki səviyyəsi və formasını bərpa prosesi barədə danışıb.
İdman.Biz xəbər verir ki, 23 yaşlı futbolçu əvvəlki ritmə tam qayıtmaq üçün hələ zamana ehtiyacı olduğunu bildirib. Musiala yaxşı və zəif oyun parçalarının olmasını normal saydığını deyib.
“Düşünürəm ki, yaxşı dövrlərim də olub, elə də yaxşı olmayan dövrlərim də. Bu, tam normaldır. Ritmə və komandaya qayıda bilməyim çox yaxşıdır. Artıq əldə etdiklərimə görə çox sevinirəm. Amma bilirəm ki, hələ irəli addım ata bilərəm. Ötən mövsümlə müqayisədə nələrin çatışmadığını da bilirəm”, - deyə o söyləyib.
Musiala bərpa prosesində çox insandan dəstək aldığını da vurğulayıb. Onun sözlərinə görə, hər kəs məsləhət versə də, futbolçu sonda öz yolunu seçməlidir:
“Səbir ən vacib məqamdır. Digər tərəfdən, səbirli qalmaq çox çətindir. Çünki mən mümkün qədər tez əvvəlki səviyyəmə qayıtmaq istəyirəm. Amma bunun üçün vaxt lazımdır”.
Qeyd edək ki, Musiala ötən il Klublararası Dünya Çempionatında PSJ ilə oyunda ağır zədə alıb. Həmin görüşdə Cianluici Donnarumma ilə toqquşmadan sonra baldır sümüyünün sınığı və topuq zədəsi ilə üzləşib.
