Mourinyo “Real” iddialarını gücləndirdi: “Mənə müqavilə göndərdilər”

15 May 2026 17:16
123
Mourinyo “Real” iddialarını gücləndirdi: “Mənə müqavilə göndərdilər”

Portuqaliyanın “Benfika” futbol klubunun baş məşqçisi Joze Mourinyo gələcəyi ilə bağlı qərarı mövsüm başa çatandan sonra verəcəyini açıqlayıb.

İdman.Biz xəbər verir ki, 63 yaşlı mütəxəssis Lissabon təmsilçisindən yeni müqavilə təklifi aldığını təsdiqləyib. Mourinyonun sözlərinə görə, təklif çərşənbə günü onun agentinə təqdim edilib, lakin portuqaliyalı məşqçi hələ sənədə baxmaq istəməyib.

“Bəli, çərşənbə günü “Benfika”dan yeni müqavilə təklifi aldım. Amma dedim: indi yox. Bazar günü baxarıq. Gələn həftə mənim gələcəyim üçün vacib olacaq”, - deyə Mourinyo bildirib.

Portuqaliyalı məşqçi “Real Madrid”lə bağlı iddialara da toxunub. O, Madrid klubundan ona rəsmi təklif təqdim olunduğunu deməsə də, gələn həftənin həm özü, həm də “Benfika” üçün önəmli olacağını vurğulayıb. İspaniya mediasında Mourinyonun “Real Madrid”ə qayıdışı ilə bağlı danışıqların irəlilədiyi yazılır.

Mourinyo “Benfika”nın hər kəsdən böyük olduğunu da xüsusi qeyd edib:

“Şəxsi vəziyyətimlə bağlı narahatlığa əsas görmürəm. Heç kim kiminsə gedib-getməməsinə görə narahat olmamalıdır. Çünki “Benfika” hamıdan böyükdür”.

Təcrübəli mütəxəssis “Real Madrid” futbol komandasının baş məşqçisi Alvaro Arbeloa ilə Kilian Mbappe arasında yaşanan gərginliyə də münasibət bildirib. Mourinyo Arbeloanı dostu adlandırıb və onun futbolçu kimi vaxtilə özü üçün “canını və ruhunu verdiyini” söyləyib.

“Bu məni kədərləndirir. Çünki Arbeloa mənim dostumdur. O, mənim futbolçum olanda hər şeyini verənlərdən biri idi. İndi “Real Madrid”in baş məşqçisi olduğu üçün əlaqəmiz daha da güclüdür. Onun işlərinin yaxşı getməsini istəyirəm”, - deyə Mourinyo əlavə edib.

İdman.Biz